|
Azərbaycanlıların Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü günü ilə əlaqədar tədbir düzənlədi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlətçiliyinin memarı, Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edərək abidə önünə əklillər qoydular, Milli liderin xatirəsini hörmət və ehtiramla yad etdilər. Daha sonra tədbir Mərkəzin akt zalında davam etdirildi. Tədbirdə ziyalılar, tələbə-gənclər, ictimai təşkilatların və KİV-in nümayəndələri iştirak etdilər.
AMM-in idarə heyətinin sədri Fazil Həsənov möhtəşəm bayram münasibətilə toplaşanları, bütövlükdə Azərbaycan xalqını təbrik edərək bu tarixi hadisənin cahanşümul əhəmiyyətindən, onun hansı qurbanlar bahasına başa gəlməsindən, Azərbaycanın ötən müddət ərzində qazandığı siyasi və iqtisadi nailiyyətlərdən, onun dünya birliyi ölkələri arasında tutduğu mövqeyindən, uğurlu regional siyasətindən, Azərbaycanın və Gürcüstanın tarixi dostluğundan, iki dövlət arasındakı qardaşlıq münasibətlərindən, müstəqillik yolunda hər iki xalqın keçdiyi keşməkeşli və şərəfli mübarizə yolundan ətraflı söz açdı.
Açıq və diskussiya səciyyəli müzakirələrdə “Meydan” jurnalının baş redaktoru Alxan Binnətoğlu, “Qeyrət” xalq hərəkatının liderləri Zümrüd Qurbanlı və Əlibala Əsgərov, Gürcüstan Parlamentinin sabiq deputatı Hidayət Hüsenov, Borçalı İş Adamları Birliyinin sədri İsrafil Bayramov, Gürcüstanın Azərbaycalı Gənclər İttifaqının sədri Leyla Məmmədova, professor Mahmud Hacıxəlilov müstəqilliyin qazanılmasında canlarını qurban verənlərin xatirəsini minnətdarlıqla yad etdilər, bu müstəqilliyin qorunub-saxlanmasında ümummilli lider Heydər Əliyevin və dövlətçiliyin inkişaf etdirilməsində görkəmli siyasətçi İlham Əliyevin xidmətlərini təkzibolunmaz faktlarla nəzərə çatdıraraq, həm Gürcüstanın, həm də Azərbaycanın dövlət müstəqilliyinin bilavasitə hər birimizin xidmətlərindən asılı olduğunu xüsusi vurğuladılar.
Azərbaycanlıların Mədəniyyət Mərkəzi
. |