|
Noyabr ayının 16-da Marneuli şəhər Mədəniyyət Evində Kvemo Kartli Quberniyası və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq günü münasibətilə böyük bayram tədbiri keçirildi.
İlk öncə Marneuli şəhərinin Mədəniyyət Evinin qarşısındakı bağda tədbir iştirakçıları tərəfindən Tolerantlıq Gününü ilə bağlı dostluq və insanlar arasında birliyi simvolizə edən ağac əkildi.
Bayram tədbirini giriş sözü ilə açan Kvemo Kartli bölgə qubernatorunun müavini cənab Hüseyn Yusubov və quberniyanın məsul işçisi Nino xanım Basilaşvili öz çıxışlarında belə böyük tədbirin Marneulidə keçirilməsinin təsadüfi olmadığını dedilər. Məhz Marneuli mədəniyyətlərarası dialoqun, müxtəlif etiqad və inamların qovşağı kimi həmişə diqqət mərkəzindədir. Onlar, nitqlərində ümüdvar olduqlarını bildirdilər ki, Tolerantlıq gününün keçirilməsi yaxşı ənənə şəklini alacaq, mütəmadi olaraq müxtəlif millətlərin və xalqların bir birinə daha da yaxınlaşmasına yardımçı olacaqdır.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri cənab Fazil Həsənov YUNESCO-ya üzv olan dövlətlərin 16 noyabr 1995-ci ildə qəbul etdiyi tolerantlıq prinsipləri haqqındakı bəyannaməsindən danışdı. O,xatırlatdı ki, bütün insanlar öz təbiətləri etibarı ilə fərqli olsalar da hüquq və dəyərlərinə görə bərabərdilər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin tolerantlıq günündə indiyədək xeyli iş gördüyünü xatırladaraq tolerantlığın başlıca prinsipi olan dözümlülüyün, dünyanın müxtəlif mədəniyyətlərin ortaq məxrəcə gəlməsinə, özünüifadəsinə, iqtisadi və sosial inkişaf imkanları yaratmasına geniş yollar açdığını da xüsusi vurğuladı.
Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla xanım Məmmədova və digərlərin çıxışlarında Tolerantlıq gününün artıq Dövlət səviyyəsində qeyd olunmasını söylədi. Beynəlxalq Tolerantlıq gününün təhsil müəssisələrində və geniş ictimayyət arasında müntəzəm qeyd edilməsini də arzu və tövsiyyə etdi.
Tədbirdə çoxsaylı hökümət və qeyri-hökümət təşkilatlarının təmsilçiləri, ziyalılar, tələbələr, məktəblilər, ictimayyət nümayyəndələri iştirak etdilər.
Sonra Tbilisi, Rustavi, Qardabani,Bolnisi və Dmanisidən gələn müxtəlif musigi və folklor qruplarının ifasında geniş bayram konserti oldu. Müxtəlif bölgələri təmsil edən milli musigi dəstələrinin, solistlərin və folklor qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
. |