|
İran rejimin bacarıqsız demoqrafik və iqtisadi siyasətinin yaratdığı yeni, daha qorxulu problemlə üzləşib. Yaxın illərdə əhali artımı sıfıra yaxınlaşa bilər. Əgər son qırx il ərzində ölkənin əhalisi bu gün, rəsmi məlumatlara görə, 75 milyon nəfərə çatmaqla yalnız artırdısa, 2007-ci ildən başlayaraq əhali artımı durmadan azalmağa başlayıb.
İnqilabdan sonra yaranmış doğum sayı gurultusu artıq ötüb, ölkə sıfır artım və əhalinin çox sürətlə qocalması faktı ilə üz-üzə dayanıb. Əgər 1997-2007-ci illərdə İranda əhali artımı 1,62% təşkil edirdisə, hazırda bu göstərici 1,52%-ə düşüb və yaxın illərdə sıfıra yaxınlaşacaq. Əgər 2007-ci ilədək əhalinin əksəriyyətini 15-29 yaşlarda olan insanlar təşkil edirdisə, indi 30-64 yaşlar arasında olan şəxslər üstünlük təşkil edir.
Əgər hazırkı tendensiya saxlanılsa, onda 2032-ci ilə doğru İran əhalisi, əsasən, qocalardan ibarət olacaq. Bunun səbəbi doğum sayının kəskin azalmasıdır – bir qadına düşən 4 uşaq səviyyəsinin əvəzinə müasir İranda bir qadına düşən uşaq səviyyəsi yalnız 1,87 təşkil edir.
Təcrübə göstərir ki, demoqrafik böhran iqtisadi baxımdan inkişaf etmiş ölkələr üçün xarakterikdir. Amma İranda isə, bu, tamamilə əksinə baş verir. Məhz iqtisadi problemlər demoqrafik böhrana gətirib çıxarıb. İqtisadi böhranın yaratdığı problemlə yüklənmiş bir çox iranlı ailə qurmağa tələsmir. Ölkədə işsizlik, qeyri-rəsmi məlumatlara görə, 20–25%-ə çatır.
Ən nikbin proqnozlara görə, cari ildə 30%-lik qiymət artımı olacaq. Əgər qiymət artımı belə sürətlə davam etsə, onda İran ili 40-50%-lik qiymət artımı ilə başa vuracağıq. İlk növbədə, bu, ərzaq məhsullarına aiddir. Belə bir şəraitdə ailə qurmaq və uşaq doğumu yada düşmür. Bu gün İranda uşaqlar böyüklər üçün köməkçidən ağır yükə çevrilirlər. Valideynlər öz uşaqlarını yedirmək və onlara təhsil vermək üçün böyük məbləğdə maliyyə vəsaiti sərf etməyə məcburdurlar.
Bundan başqa, ölkənin dini ideyalara əsaslanan hüquq sistemi nəinki insan hüquqlarını müdafiə etmək imkanında deyil, həmçinin insanı indiyədək ənənəvi olaraq faydalandığı hüquqdan da məhrum edir. Belə olan təqdirdə, gənclər ailə qurmağa və dünyaya uşaq gətirməyə tələsmirlər. Hərçənd, məlumdur ki, İslam inqilabı özünə və öz uşaqlarına kənddə yer tapa bilməyib şəhərə yollanmağa məcbur olan gənclər tərəfindən edimişdi.
Tədqiqatçılar bu hadisəni “inqilabın demoqrafik gurultusu” adlandırmışdılar –1976-cı ildə əhalinin artımı 3,9% təşkil etmişdi. Bu gün əhali artımı artıq kritik göstəriciyə - yəni şahın dövrü ilə müqayisədə iki dəfədən çox, hazırkı rejim tərəfindən kəskin tənqid edilən 1,52%-ə düşüb.
Xarakterikdir ki, hələ ötən il rejim ölkənin məruz qaldığı təhlükənin miqyasını başa düşdü. Belə ki, xalq qarşısında çıxış edən prezident Əhmədinejad ölkədə mənfi tendensiyanın olduğunu qeyd etdi. Onun sözlərinə görə, qızlar nə üçünsə ailə qurmağı gecikdirirlər və 25, hətta 30 yaşında ailə qururlar. Amma 16 yaşında ailə qurmaq lazımdır, ən geci 18 yaşında.
Müxtəlif yerlərdən gətirilərək meydana yığılmış insanların qarşısında boşboğazlıq edən Əhmədinejad pafosla qışqırdı ki, millətin zənginliyi onun sayındadır və buna görə də dünyaya çox uşaq gətirmək lazımdır. O, bunu dedi və ənənəvi olaraq rahatca unutdu. Buna görə də, ailə planlanması sahəsində, eləcə də sosial-iqtisadi sahədə dəqiq siyasətin olmamasının nəticələrini biz bu gün şəxsən müşahidə edə bilirik.
Axı, doğum sayının artırılması üçün hətta məktəb yaşına çatmamış bir uşağın belə doyurulması mümkün olmayan cüzi sosial müavinət yox, güclü maddi təşviqat lazımdır. Həm də belə təşviqat cəmiyyətin daha kasıb olan bir hissəsinə yox, bütün cəmiyyətə təsir göstərməlidir. Amma Əhmədinejad ötən il necə öyünürdü. Hətta o dərəcədə ifrata varmışdı ki, İranın hazırkı 75 milyon əhalini yox, 120 milyon əhalini yedirtmək üçün də ehtiyatları kifayət edir.
Hətta doğum sayının təşviqi kimi belə vacib bir məsələdə də Əhmədinejadın simasında rejim öz ikiüzlülüyünü nümayiş etdirdi. Axı, o, xalqın qayğıları ilə qətiyyən məşğul olmayıb, ancaq özünün ifrat ambisiyalarını önə çəkib. Onun sözlərinə görə, İran regional səviyyədə aparıcı mövqe tutmalıdır.
Bunun üçün isə, hərbi gücdən başqa, həm də İran əhalisinin sayını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Belə çıxır ki, o, insanlara gərginlik mənbəyinin yarandığı təqdirdə yalnız qüvvə kimi baxır. Buna görə də, iqtisadi böhrana yuvarlanan ölkənin demoqrafik böhranla da toqquşacağına təəccüblənmək olmur. Mollaların 32 illik hakimiyyəti əhaliyə artıq heç nəyə təəccüblənməməyi öyrədib....
R.Məmməd
gün.az
. |