|
Fevralın 1-i 2012-ci il tarixində “Borçalı” İctimai Cəmiyyətinin ofisində Qədim Borçalı mahalında sözü-söhbəti, səmimiyyəti, qətiyyəti, müdrikliyi ilə sağlığında ikən dastana çevrilmiş, atəşi, odu xalqının rəmzi olan, öz kökünə sadiq qalan, varlığı ilə əsil Borçalı olan, “Şərəf” ordenli Əməkdar jurnalist, coşqun təbli şair, mahir tərcüməçi, tanınmış yazıçı-dramaturq, yaşı yüzü haqlamış Dünyamalı Kərəmlə görüş keçirildi. Tədbirdə şairlər, ziyalılar, sözə qiymət verənlər və media mənsubları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mədəd Coşqun açdı. O, hər kəsi salamladıqdan sonra Dünyamalı Kərəmin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etdi ki, Dünyamalı Kərəmin şeiri də, sözü də, varlığı da, özü də Borçalıya ulu Tanrı payıdır, Borçalının qüdrətlənməsi, çiçəklənməsi, əbədiləşməsi deməkdir.
Mədəd Coşqunun çıxışından sonra söz “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verildi. Zəlimxan Məmmədli Dünyamalı Kərəmin bu günümüz üçün canlı nümunə olduğunu və ondan cox örnək ala biləcəyimizi, tədbirin ruhani bir ruhda olduğunu qeyd etdi. Sədr vurğuladı ki, biz nəsillər arası varislik prinsipini bərpa etməliyik.
Tədbirdə istirak edən digər şairlərdən Dərviş Osman, Vəli Qaraçaylı, Sənəm Səbail, Abbas Abdulla, ziyalılardan Ömər Qoçulu, Müşviq Çobanov, Zahid Hüseynov, Sara Osmanlı, Hüseyn Artıqoğlu və digərləri öz ürək sözlərini və xatirələrini danışdılar.
Sonra qocaman şairə “Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi “Elin Fəxri” dioplomu təqdim olundu.
Dünyamalı müəllim hər kəsə və “Borçalı” Cəmiyyətinə öz minnətdarlığını bildirərək qeyd etdi ki, mənim üçün fəxrdir və şərəfdir bu gün burda sizlərlə görüşmək. Sonra şair özünün “Borçalım mənim”, “Mən atamın oğluyam”, “Qoçulu”, “Pyeslər” kitablarını “Borçalı” Cəmiyyətinin kitabxanasına hədiyyə verdi.
Sonda isə şairlə və tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi. İctimai televiziyanın çəkiliş qrupu isə bu tədbiri lentə alaraq yaddaşlara həkk etdi.

. |