|
“İndiyədək Gürcüstan hökumətinə həmvətənlərimizdən 5 min 841 ərizə daxil olub. Təəssüf ki, indiyədək cəmi 500 ailənin ərizəsinə baxılıb və 330 ailəyə repatriant statusu verilib”.
Bunu Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İsmayıl Molidze deyib. O bildirib ki, daha 167 ərizəyə də baxılacaq, amma bu ərizələr minlərlə ola bilərdi: “Repatriant statusu almaq üçün hər ailənin üzvü üçün 32 suala cavab vermək və 11 sənəd düzəltmək lazımdır. Ahıska türkləri pərakəndə halda yaşayır. İndi onlar Batumi, Marneuli, Qardabani və Qori şəhərlərinə səpələniblər. Ahıska və onun ətrafında boş ərazilər çoxdur. Biz tarixi yerlərimizə köçmək istəyirik”.
İ. Molidze qeyd edib ki, repatriant statusu almaq üçün gürcü və ingilis dillərində sənədlər doldurulmalıdır: “Ərizələrin yazılması üçün 500 dollar lazımdır. Hələ problemlərimiz çoxdur. Ahıska türklərinin tarixi ərazilərinə köçürülməsi üçün dövlət proqramı hazırlanmalıdır”.
Qeyd edək ki, 1999-cu ildə aparılan siyahıyaalmaya əsasən Azərbaycanda 43 minə qədər, Qırğızıstanda 33 mindən çox, Qazaxıstanda 3 minə yaxın Ahıska türkü yaşayır. İndiyədək 7 minədək Ahıska türkü Gürcüstana qayıtmaq arzusunu bildirib.
APA
. |