|
"Pul verin sərbəst buraxaq". Məqsəd: Gürcüstanın büdcə kəsirlərini bağlamaqdır!"
Gürcü polisi türkiyəli iş adamlarının avtomobillərinə heroin qoyub həbs edir. Daha sonra pul verin sərbəst buraxaq deyir. Məqsəd isə Gürcüstanın büdcə kəsirini bağlamaqdır.
Bu iddia Gürcüstanda heroin qaçaqçılığı və ya saxta faktura kimi fərqli bəhanələrlə həbs olunan türklərə aiddir. Son 2 ildə Gürcüstanda 100 Türkiyə vətəndaşı həbs olunub. Baş nazir Ərdoğanın araya girməsi ilə 33-ü sərbəst buraxılıb.
Baş nazir Ərdoğanın məmləkəti Rizəyə bayramda etdiyi ziyarət əsnasında həmyerliləri yolunu kəsərək "Övladlarımız Gürcüstanda məhbus həyatı yaşayır. Lütfən onları xilas edin" deyə yalvarıblar. Baş nazir isə, "Allah Allah, biz hamısını qurtardıq. Hətta mənə telefon açıb təşəkkür edirlər", deyə cavab verib. Əslində bu dialoq təxminən 2 ildir Gürcüstanla yaşanan ciddi bir problemi təkrar gözlər önünə sərdi. Ticarət, ya da ziyarət məqsədilə Gürcüstana gedən türklər müxtəlif bəhanələrlə həbs olunur. Sonra sərbəst buraxılmaları üçün pul cəzası tətbiq olunur.
"Pul ver, azad ol”
Son 2 ildə 100 türk Gürcüstanda həbs olunub. Baş nazir Ərdoğanın vasitəsilə 33-ü sərbəst buraxılıb. 33 adamın da həbs edilmə səbəbi avtomobillərində heroin tapılması olub. Amma həbs olunan türklər narkotik maddəni avtomobillərinə polislərin qoyduğunu iddia edib. Mühakimə olunduqları müddətdə isə xeyli miqdarda pul qarşılığı sərbəst buraxılma təklifi ilə üz-üzə qalıblar.
"Bu rəsmi olaraq dövlət mafiyasıdır"
Hazırda təxminən 62 türk hələ də məhkumluq həyatı yaşayır. Onların həbs olunma səbəbləri isə saxta faktura kimi maliyyə cinayətləridir. Onlar da sənədlərin saxta və şantaj məqsədli olduğunu iddia edirlər. Son olaraq Baş nazirdən qurtarılması istənən məhbuslar da bu qrupa aiddir. Azadlığa buraxılan türklər onlara qurulan tələnin səbəbinin isə büdcə kəsiri olduğuna inanır: "Gürcüstanda büdcəyə gəlir təmin etmək üçün həbs olunan insanlardan, günahsız olduqları halda "adli razılaşma" adı altında cinayətlər qəbul etdirilib yüksək miqdarda pul cəzası alınır."
"Həbsxanadakıların heç bir günahı yoxdur"
Gürcüstanda Zərərçəkmiş Ailələrin Yardımlaşma və Həmrəylik Dərnəyinin rəhbəri Nuriyyə Kaputoğlu, Baş nazir Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun cəhdləri sayəsində 33 adamın sərbəst buraxıldığını, ancaq hələ də həbsxanalarda günahsız Türkiyə vətəndaşının olduğunu söyləyir: "Türkləri narkotik satıcısı kimi göstərib 1 qram belə olmayan heroinleri özləri qoyduqları yük yerində tapan polislər tələ qurur. Ciddi səylərimiz sayəsində 33 adam azadlığına qovuşdu. Ancaq hələ də Gürcüstan həbsxanalarında 62 türk var və bunların demək olar ki, hamısı günahsızdır".
“Özü tikdiyi həbsxanada yatır”
Tikinti mühəndisi Orxan Aksu Gürcüstanda 3 həbsxana tikib. İndi isə onlardan birində, paytaxt Tiflisdə yerləşən həbsxanada yatır.
Maliyyə cinayətindən həbs olunan türklərdən biri də Orxan Aksudur. 2000-ci ildə Gürcüstanla əməkdaşlığa başlayan Orxan Aksuya aid Aksmsheni tikinti şirkəti Gürcüstanda Daxili İşlər və Ədliyyə nazirlikləri üçün inzibati binalar, 3 həbsxana, bank mərkəzləri, ticarət mərkəzləri, yaşayış binaları tikib. Bir sözlə xeyli sayda inşaat işləri görüb. Gördüyü işlərin pulunu ala bilməyən türk iş adamına gürcü hökuməti "yeni işlər verək və bu işləri də yerinə yetir daha sonra pulunu ödəyək" təklifini edib. Təxminən 100 milyon dollarlıq sərmayə qoyan, 15 milyon dollara yaxın texnika və təchizatı olan Aksu təklifi qəbul etmək məcburiyyətində qalıb.
"Döyüşdəyik, vergi lazımdır"
Rusiya-Gürcüstan müharibəsinin başladığı ikinci gün, 10 Avqust 2008-ci ildə maliyyə polisi Aksuya aid Aksmsheni şirkətinə gələrək araşdırma aparıb. Məhkum iş adamı və gənc mühəndisin qohumu İrfan Şahin yaşanan olayları bu sözlərlə dilə gətiriblər: "Müharibə zamanı maliyyə polisi gəldi və vergi dairəsindən araşdırma aparmaq məqsədilə rəsmilər gəldi. Təxminən 8 ay firmada araşdırma apardılar. Əsası olmayan səbəblərdən ötəri firmamıza 1 milyon 450 min Lari cəza kəsdilər. Həmin müddətdə yerli, xarici bir çox firmada vergi nəzarəti aparıldı və yüksək məbləğli cəzalar kəsildi".
Cabir Məmmədov
SIA
. |