Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





21.12.11 14:57
«60 azərbaycanlı şirkətindən bir yardım görməmişik»

Əlibala Əsgərov«Bölgəni tərk etmiş 350 min borçalılıdan heç bir dəstək görmürük».

Əlibala Əsgərov: «SOCAR 4 ildə cəmi iki azərbaycanlı kəndinində üç evə qaz çəkib».

Gürcüstan azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə məşğul olan “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov «Bizim Yol» qəzetinə müsahibə verib. O, soydaşlarımızın durumu, problemləri, Gürcüstan hakimiyyətinin həll etmədiyi problemlər, Azərbaycanın dəstəyi və s. suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik.

- Əlibala bəy, hazırda Gürcüstanda ictimai-siyasi necədir?

- Gürcüstanda həmişə olduğu kimi ictimai-siyasi durum gərgin olaraq qalır. Yəni iqtidar-müxalifət qarşıdurması inkişaf etməkdədir.

- Bu gərginlik demokratiyanın bolluğundan, yoxsa azlığındandır?

- Əksinə, bu rejimdir, demokratiyadan söhbət gedə bilməz. Avropaya indiki Gürcüstandakı rejim demokratik cəmiyyət kimi sığınıb, amma bu ölkədə Saakaşvili rejimi hökm sürür. Gürcüstanda partiyaların, cəmiyyətlərin yox, yalnız Saakaşvili hakimiyyətinin sözü eşidilir. Ona görə də gürcü müxalifətinin hakimiyyətə qarşı münasibəti çox sərtdir.

- Mən bu günlərdə Tiflisdə oldum və şahidəm ki, siyasi mövqeyindən asılı olmayaraq insanlara televiziyaya çıxışı, meydanlarda mitinq keçirmək üçün heç bir maneələr yaradılmır...

- Əlbəttə ki, Gürcüstanla Azərbaycanı müqayisə etdikdə orada demokratik inkişaf həddən çox irəliləyib. Əgər mən bu gün Saakaşvili hakimiyyətini rejim adlandırıramsa, bu münasibət həmin demokratiyanın təzahürüdür. Amma əməli işə gəldikdə, vəziyyət fərqlidir. Ən azı 10 ilə yaxın davam edən hakimiyyət əməli baxımdan yeniliyə imza ata bilməyib. Ölkədə Avropa qanunlarını tətbiq etməklə Avropa şəraiti yaradılmayıb. Bu mənada Gürcüstan və əsasən Cənubi Qafqaz regionu üçün qavranılmazdır.

- O zaman sualımı fərqli qoyuram, Gürcüstanda polis vətəndaşa amansızdırmı, mülkiyyət toxunulmazlığı addımbaşı pozulurmu və korrupsiya total səciyyə daşıyırmı?

- Xeyr. Qafqaz respublikaları içərisində ən az korrupsiya Gürcüstandır. Polislərin də vətəndaşlara münasibəti sərt deyil, yəni yanaşma qanunlar çərçivəsindədir. Amma bir sıra qanunlar var ki, biz onu qavraya bilmirik, məsələn, kiçik bir xuliqanlıq hadisəsinə görə 20-25 min lari cərimə Gürcüstanda yaşayan bütün insanlar üçün yolverilməzdir. Çünki insanlarda göstərilən məbləğ yoxdur ki, cəzasının qarşılığını ödəsin. Bax, bu cür şeylər qəbuledilməzdir. İkinci, Saakaşvilinin ilin Novruz bayramı günüdə azərbaycanlılarla görüşü kosmetik xarakter daşıyır və bizlərə qarşı ikili standart bu gün də davam edir.

- Nədən ibarətdir ikili standart?

- Gürcüstan azərbaycanlılarının işlə təmini bu gün də sıfır vəziyyətindədir. Azərbaycanlılara yanaşmada kadr siyasətində bir irəliləyiş yoxdur. İkinci, azərbaycanlıların torpaq mülkiyyətinin başa çatdırılması ilə bağlı maneələr aradan götürülməyib. Nəhayət, təhsil sistemində heç bir yenilik yoxdur. Bu baxımdan bayramda çıxıb “əziz qardaşlar, bacılar” deməklə vəziyyət dəyişmir və Gürcüstan azərbaycanlılarının problemlərini həll etmir.

- Gəlin bir məqamı da unutmayaq, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası da arzuolunan deyil, bu barədə dəfələrlə mətbuatda yazılıb...

- Gürcü cəmiyyətinə inteqrasiyanı çox istərik, amma görək, bu inteqrasiya yollarını bizə göstərənlər varmı?! Biz qeyri-gürcü xalqıq, rəsmi dövlət dilinin öyrənilməsi haqqında bir dövlət proqramı ortalığa qoyublarmı? Ancaq bunlar yoxdur, yalnız tələb edirlər.

- Bəs sizlər gürcü dilini öyrənirsinizmi?

- Üç-beş ildən sonra mən Sizə azərbaycanlı kadrların sayının gürcülərdən çox olduğunu deyəcəm. Bəs onları işlə təmin etmək mümkün olacaqmı?

- Saakaşvili ilə təmaslarda sadaladığınız problemləri qaldırırsınızmı?

- Dəfələrlə rəsmilərlə görüşlərdə bu məsələlərə toxunmuşuq. Amma Saakaşvili heç zaman xalqla görüşüb müzakirə aparmayıb, onun gəlişi bir şou olub və 10 dəqiqə davam edib. Yəni o, insanları heç zaman dinləməyib, nə də bir müzakirə aparmayıb.

- Hazırda Gürcüstan azərbaycanlılarının əsas problemləri nədən ibarətdir?

- Hazırda ən qabarıq problem təhsillə bağlıdır. 2005-ci ildə Gürcüstanda “Təhsil haqqında qanun” qəbul olunub, 4-cü maddədə qeyd olunub ki, təhsilin dili ancaq gürcü dilindədir, qeyri-gürcü xalqlar öz dillərində oxuya bilərlər, amma dövlət planına uyğun şəklində. Dövlət planına salınan fənlər riyaziyyat, fizika, coğrafiya, tarix, təbiətşünaslıq, bir sözlə humanitar fənlər gürcücə olmalıdır. Yalnız ədəbiyyat bizim dildə ola bilər. Demək istəyirəm ki, hansı dildə təhsil almaq hüququmu da əlimizdən alırlar. Halbuki, azərbaycanlılar milli tərkibə görə Gürcüstanda ikinci yerdədir, özü də kompakt halındayıq. Borçalı ərazisinin 70 faizi azərbaycanlılardan ibarətdir. Təkrar edirəm, bizə problem yaradan əsas məsələlərdən biri regional dilin olmamasıdır. Mən demirəm ki, biz dövlət dilini istəmirik, biz Gürcüstan vətəndaşıyıq, bir vətəndaş olaraq gürcü dilini öyrənmək borcumuzdur. Bu bir aksiomadır. Bununla bərabər banklarda, müxtəlif dövlət idarələrində öz dilinlə nə sorğu edə bilmirsənsə, bu, Avropa meyarlarına cavab vermir. Çünki Avropa meyarlarına görə bir ölkədə millətlərdən biri 21 faiz təşkil edirsə, onun dilinə üstünlük verilməlidir. Unutmayın ki, Gürcüstanda azərbaycanlılar 78 faizdir.

- Bütün hallarda sizlər ictimai-siyasi baxımdan fəal olmalı deyilsinizmi?

- Bunu hamımız istəyirik. Fəallıq nəylə olur? Gürcüstanda cibində 5-3 manat olan azərbaycanlılar artıq yurdlarını tərk ediblər. Qalanlar orta təbəqədir ki, əlinin əməyi ilə torpaqdan çörəklərini çıxarırlar. Azərbaycanlıların yaşadığı bölgədə nə iqtisadiyyat, nə hüquq institutu yoxdur, yəni bir söykənəcək yer yoxdur ki, bir təşkilatlanma getsin. Az-çox bir-iki cəmiyyətdir, onların da maliyyə imkanları sıfıra bərabərdir. Əgər mən ayda bir qəzet buraxa bilmirəmsə, hansı hüquqdan danışıb xalqa yardım edə bilərəm.

- Deməli, Borçalını tərk etmək yox, qalıb mübarizə aparmaq lazımdır?

- Biz Borçalıda öləcəyik, amma tərk etməyəcəyik. Amma təkcə bizim hayqırmamızla heç nə alınmır. Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir və bunu ən çox arzu edənlər də bizlərik. Amma məni bir məqam narahat edir, bu münasibətlər qurulanda Gürcüstan azərbaycanlıları nəzərə alınsın, sənədlərdə bu barədə bir bənd olaraq qeyd olunsun. Azərbaycan Gürcüstana güzəştli şərtlərlə qaz satır, olmazmı ki, müqavilədə azərbaycanlılara ikili standartların götürülməsi qeyd olunmasın? Rəhmətlik Heydər Əliyev zamanında güvənc yerimiz vardı, açıq danışıram. Çünki o, gürcü ictimaiyyəti qarşısında deyirdi ki, arxanızda Azərbaycan və Heydər Əliyev var. Amma bu günki hakimiyyətin son illərdəki əsas fəaliyyət istiqamətləri Gürcüstanda bazar tapmaqdır, sonra da biznes-forumlar keçirib gəlib Azərbaycanda “Borçalılara filan şey etdik” deyirlər. Bu gün Gürcüstanda 60-dan çox azərbaycanlı şirkəti var, mən demirəm ki, olmasın, yalnız SOCAR bir qədər istisna oluna bilər. Bəs bu 60-dan çox şirkətin hansı biri məktəbə ləvazimat alıb, kəndə yardımını edib? 1950-ci ildən bu günə qədər 350 min borçalılı bölgəni tərk edib, hansı ki, onların heç biri Azərbaycana fəhlə kimi gəlməyib. Əksəriyyəti bu gün elm və iş adamıdır.

- Onların dəstəyini hiss edirsinizmi?

- Heç bir dəstək yoxdur, 350 min borçalılıdan öz ana yurduna dəstək verəni görməmişəm. Gəlib, öz kəndində bina tikib və kiminsə adını binaya vermək ümumi vəziyyətə dəstək deyil.

- Bu gün azərbaycanlıların məskunlaşdığı bölgələrdə kommunal durum necədir?

- Pis vəziyyətdədir. Bilirik ki, bölgənin qazlaşdırılması dördüncü ildir SOCAR-ın nəzarətindədir. Bu ötən dörd ildə 2 kəndə qaz çəkilib, onların da hərəsində üç evə. Bu çəkiliş də Azərbaycan televiziyalarında nümayişkaranə şəkildə göstərilir, halbuki üç evə verilib. Ona görə mən yuxarıda az-çox azərbaycanlılara diqqəti SOCAR-ın etdiyini söylədim. Bu gün isə Gürcüstan azərbaycanlıların ən ümdə problemi qışdan çıxmaqdır, indi təsəvvür edin, 7-8 nəfərlik ailəyə 2 maşın odun lazımdır, bir maşın odun isə 500 dollardır, belə olanda nə edə bilərik?! Puldan əlavə odun da yoxdur. Yaxud başqa bir rəqəm, 550 evlik bir kənddə 120 ailə odun ala bilir, o zaman qalanları nə etməlidir? Konkret olaraq, Saralı, Molluoğlu kəndlərində vəziyyət çox ağırdır. Aşağı Saralıya guya qaz çəkilib, amma iki evdə qaz var. Suya gəldikdə, camaat meşədən, dağdan birtəhər çəkib gətirib.

- Gürcüstan azərbaycanlılarına vəzifələr həvalə edirlərmi?

- Heç bir yenilik yoxdur, köhnə hamam, köhnə tasdır.

- Amma bütün bu tənqidlərə baxmayaraq Gürcüstan Avropa inteqrasiya edir, Rusiya idarəetməsinin cəngindən çıxır...

- Bu məsələ çox ilgincdir. Biz sadaladığımızı Avropa Şurasından gələn qonaqlar qarşısında da qaldırırıq. Amma heç bir faydası yoxdur, onların da problemlərdən xəbəri var.

Natiq CAVADLI

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 19 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.