|
Maraqlı güclərin Güney Qafqaz və Gürcüstan strategiyası masasında “Türksüz Borçalı” siyasəti yer alır.
1990-2003-cü illərdə Gürcüstanda və Borçalıda yaşanılan dövr ictimai və siyasi proseslərin qarışıq dövrü hesab olunurdusa, indi proseslər bu yöndə hüquqi əsaslarla modern məzmunu daşımaqla bir qədər “qılaflanmış koloniya” xarakterini almışdır. Bu qədim türk bölgəsinin hüquqi, elmi, ictimai və siyasi mənada unutdurmaq strategiyasının rəsmiləşdirilməsinə çalışılır. 2003-cü ildəki “Qızıl Gül İnqilabı” “Gürcüstan gürcülər üçündür” doktrinasını hüquqi müstəvidə rəsmiləşdirməyə yön almaqla, həm də bunun beynəlxalq səviyyədə təsdiqinə çevrilmişdir. Lokal xarakterli görülən işlər, atılan addımlar isə ictimai təsir vasitəsindən, qafaları yumaq hədəflərindən başqa heç bir məzmun daşımamışdır. Bu sırada Borçalı adına yaradılan fərqli ictimai qurumların suçu daha böyükdür. Çünki, həmin qurumları idarə edənlər BORÇALI siyasətinin deyil, özlərinin cılız, komprador maraqlarının yanında durmuşlar.
Bölgədə toqquşan maraqlar
Borçalı Güney Qafqazın ən strateji bölgəsi və nöqtəsi olmaqla son 20 ildə müxtəlif dövlətlərin maraqlarının toqquşduğu məkana çevrilmişdir. Ermənistan və Gürcüstandakı ermənilər Ahısqa vilayətini öz nəzarətlərinə almaq üçün Borçalının dağlıq bölgələrində öz nəzarətlərini təmin etmək hədəfini heç də gizlətmirlər. Rusiya Borçalıda özünə sosial dayaqlar axtarmaqla Gürcüstanı və xüsusilə gürcü kilsəsini öz nəzarətinə almağı hədəf seçmişdir. İran Borçalıda “Əhli Beyit” strategiyasını gündəmə gətirməklə əslində bölgəni casus yuvasına çevirməyi hədəf seçmişdir. Gürcülər Borçalıda yerli türklərin xristian kültürünün şərtləri daxilində ideoloji mənada assimliasiya olunmaları taktikasından yararlanmağa çalışır. Almaniyanın maraqlarını təmin edən “kilsə” siyasəti və digər faktorlar bölgənin sonu bəlli olmayan məcrada qarışıq düşüncələrlə üz-üzə qalmasına səbəb olmuşdur.
Bütün bu problemlərin həlli istiqamətində hazırda təbii olaraq Borçalının özündə intellektual səviyyədə dirənişlər apara biləcək heç bir beyin mərkəzi yoxdur. Çünki, uzaq 1949-cu il tarixində Tiflisdə Azərbaycan Türklərinə məxsus Pedaqoji İnstitut, Dövlət Teatrı və digər elmi, mədəni, təhsil mərkəzləri qapadılmışdır. Düz 62 ildir ki, Borçalıda türkün dominant mədəni qatlarının inkişafı yönündə hər hansı bir ciddi elmi konsepsiyalara cavab verə biləcək strukturlar fəaliyyət göstərimir. Hal-hazırda nisbətən varlığını duydurmağa çalışan mərkəzlər də “dərnək” səviyyəsindən yuxarı qalxa bilmir. Çünki, onların malik olduqları statusun özü bunu təsdiq edir. Bütün bu sadalanan problemlərin tək çözüm yolu isə Azərbaycan Respublikasının üzərinə düşür. Azərbaycanda isə bu yöndə hələ də hər hansı ciddi hədəflər bir milli iradə olaraq ortaya qoyulmamışdır. Bu yöndə bir tərəfdən mədəniyyət, təhsil, səhiyyə nazirliklərinin günahları vardırsa, digər yandan isə əsas sorumluluq Dövlət Diaspor Komitəsinin üzərinə düşür. Bölgənin adına iddiaçı qismində çıxış etmək istəyən “Borçalı Cəmiyyəti” isə son üç ildə tamamilə yuxarıda göstərilən xairici antitürk mərkəzlərinin hədəflərinin baş icraçısı rolunu oynamaqdadır. Belə ki, Borçalı Cəmiyyətinin kababxana, kafe, restoran səviyyəsinə endirilməsi elə bunun təsdiqidir. Bu cəmiyyətin adına keçirilən tədbirlərin özü bunu bir daha təsdiq edir. Sanki, cəmiyyəti idarə edənlər kitabxanaların yerini qutabxanalarla dəyişik salmışdır. Regionda baş verən və oynanılan antitürk mahiyyətli proseslərə son üç ildə bircə dəfə də olsun Borçalı Cəmiyyətinin etiraz etməməsi, seyirçi mövqedə qalması bu həqiqətlərin mahiyyətini bir daha təsdiq etmişdir. Bütün bunlarla yanaşı Azərbaycanın heç bir elmi mərkəzi də Borçalı strategiyasında gərəkən addımları atmamışdır.
İnkişaf edən Gürcüstanda Borçalı “ofsayt”da qalmışdır
2003-cü ildən indiyə kimi “gürcü demokratiyası”na dəstək olaraq ABŞ, Almaniya, İngiltərə, Dünya Bankı, Avropa İnkişaf Bankı, Avropa Birliyi və digər beynəlxalq maliyyə strukturları orta hesabla 60 milyard dollar vəsait yatırıblar. Üç milyondan bir qədər artıq əhalisi olan kiçik bölgəyə bu qədər maliyyə axınlarının yönlədilməsi çağdaş dünya siyasəti və maraqlarında yer almamışdır. Əslində bu qədər maliyyə vəsaiti ilə Gürcüstan başdan-başa çiçəklənməli və sürətlə inkişaf etməli idi. Apardığımız müşahidələrə görə, həmin maliyyə vəsaitləri daha çox gürcü hakimiyyətinin gücləndirilməsinə, ordunun və polisin saxlanılmasına, kilsənin inkişaf etdirilməsinə yönləndirilmişdir. Borçalının bir bölgə kimi inkişaf etməsində həmin vəsaitlərdən heç bir halda istifadə edilməmişdir. Bu vəsaitlər Bostandərə, Ağbulaq, Sarvan, Başkeçid, Çörük Qəmərli, Barmaqsız, Qaratəpə bölgələrinə daxil olan kəndlərin, obaların daha ağır sosial şərtlər altında saxlanılmasına yönləndirilmişdir. Borçalı Türkləri öncələr qeyri qanini gürcü hikkəsinin qurbanlarına çevrilmişdirlərsə, bu dəfə hüquqi müstəvidə qanuni xarakter almış “hərbi polis” idarəçiliyinin şərtləri daxilində yaşamağa məcbur edilməkdədir. Borçalı indi sanki gürcü qanunsuzluqlarının hüquqi şərtləri daxilində platsdarm məkanına çevrilibdir. Bütün bunları başda Borçalı Cəmiyyəti və digər ictimai qurumlar sükutla qarşılamaqdadırlar. Borçalı Cəmiyyətinin başı görkəmli akademik, filosof, ziyalı, böyük el ağsaqqalı Camal Mustafayevin adından süni şəkildə istifadə etməklə “Dədə Camal” məclislərinə qarışdığı üçün heç bir ciddi iş görə bilmir. Bu qurum Borçalı adına intellektual şəbəkə yaratmaqla milli səfərbərlik strategiyasının adicə əlifbasını belə bilmir. Dağ boyda milli vüqarımız olan Dədə Camalı kababxana, qutabxana, xəngəlxana, bufet səviyyəsinə endirilməklə əslində digər strateji niyyətlərin olması da tədricən bərlilənməkdədir. Borçalı məsələsi ilə bağlı üç ildir bu qurumun başında oturanlar öhdəlik kimi qəbul etdikləri problemlərin həlli yönündə heç bir addım atmamışlar.
İndi Gürcüstanın Ahısqa vilayətinin inkişaf etməsi istiqamətində açıq şəkildə elan edilməsə də, böyük bir inkişaf sürəti vardır. Çünki, Ermənistan nazirlər kabineti yanında “Birləşmiş Cevaxk” təşkilatı regionla bağlı erməni intellektuallarını birləşdirməklə lazım olan proyektləri hazırlayır və bunun Ermənistannınmı, yoxsa Gürcüstanınmı həyata keçirəcəyinin heç fərqində də deyil. Əsas məsələ regionda ermənilərin maraqlarına cavab verən proseslərin inkişaf etdirilməsidir. Borçalı Cəmiyyəti şübhəli qrant layihələri əsasında “Elat” tədbirlərini keçirməklə öz işinin öhdəsindən gəldiyini nümayiş etdirməkdən savayı heç bir əməli iş görməyibdir. Zor gücünə dəyişdirilən toponomik adların dəyişdiriılməsi üçün hərəkət edəcəyini bildirsə də, ötən üç ildə heç bir addım atmamışdır. Regionun sosial-iqtisadi sahədə inkişafı ilə bağlı layihələr hazırlayacağını vəd etsə də, bu yöndə adicə dəyirmi masa keçirilməmişdir. Borçalıda orta biznes sektorunun inkişaf etməsinin strategiyası haqqında isə heç danışmağa dəyməz.
Gürcüstan hökuməti dövlət büdcəsinə əlavə gəlir mənbələri qazandırmaq üçün Borçalıdakı bütün otlaq sahalərini, ormanları, tarlaları hərraca çıxararaq satmaq hədəfini ortaya qoymaqla, əslində burada yaşayan türkləri torpaqsız və əmlaksız qoymaq hədəfini rəsmiləşdirməyə çalışır. Belə ki, Tiflisdəki bankların vasitəsilə erməni və gürcü vətəndaşlar kredit götürərək həmin vəsaitlə Borçalıdakı hərraclarda həvəslə iştirak edirlər. Borçalı Cəmiyyətinin, digər ictimai qurumların başsız başları isə bütün bunlara seyirçi mövqe sərgiləməklə yetinməkdədirlər. Çünki, indi son dərəcə dəbdə olan “qrant” maraqları onların susqunluğunun açardır. 2003-cü ildən bu yana Borçalı bölgəsində yeni iqtisadi və sosial infrastrukturların yaradılması yönündə nəinki gürcü hakimiyyəti, eləcə də regionla bağlı olan ictimai qurumlar tərəfindən də heç bir təşəbbüslər irəli sürülməmişdir. Ayda, ildə bir dəfə qəzet və ya jurnal nəşr etmək isə tamamilə gülünc məsələdir. Guya bununla da Borçalı adına “iş” görülür. Borçalı həqiqətlərinin üzərinə gedilməsi, regionun sosial-iqtisadi və mədəni həyatının inkişafı məsələsində “ofsayt”da qalmağımız tədricən bu qədim bölgənin türksüz coğrafi məkana çevrilməsi deməkdir.
Susqunluğun arxasında nələr dayanır
Türkiyə bir dövlət olaraq Bolqarıstan, Yunanıstan, Rumıniya, İraq, Albaniya, Moldova və Ukraynada yaşayan türklərin uzun illər hüquqlarının müdafiəsi ilə bağlı hərəkət etsə də bunun heç bir faydası olmurdu. Elə ki, həmin dövlətlərdə yaşayan türklər özlərinin ictimai, sosial şəbəkələrini yaratdılar, bu zaman böyük bir inkişaf mərhələsi də başladı. Biz özümüz Modlovanın Qaqouziya bölgəsində mərhum Qara Çobanın təşəbbüsü ilə yaradılan “Qaqouz Ədəbiyyatı, Mədəniyyəti və Tarixi Muzeyi”nin qurulmasının canlı şahidi olmuşuq. Məhz bu muzeyin sayəsində indi Qaqouziya Milli Muxtar bölgəsi inkişaf etməkdədir. Bu mərkəz qaqouzların coğrafi sərhədlərini müəyyənləşdirməklə buranın iqtisadi, sosial və mədəni həyatının canlanması proyektlərini ortaya qoydu. Çətinliklə də olsa, ötən 25 il ərzində Qaqouziya böyük inkişaf yolu keçmişdir. Burada bütün məmurlar yerli qaqouzlardan ibarətdir. Milli dildə təhsil almaqla yanaşı, özlərinin bütün iqtisadi və digər təsisatlarına malikdirlər. Belə bir proses Bolqarıstan, Rumıniya, Yunanıstan, İraq və Albaniyada da tədricən öz axarına düşməkdədir. Çünki, ortada bir qaqouz örnəyi var.
Qaqouz Eli təşkilatının rəhbərliyində isə Stepan Topal, Dəniz Tanasoğlu, Qara Çoban, Petri Yalanji, Todur Zanet və digər görkəmli ziyalılar, fikir adamları birgə hərəkət etmişlər. Bolqarıstan Türklərinin doktor Əhməd Sadiq, Batı Trakiya Türklərinin lideri doktor Əhməd Doğan kimi milli liderləri həbslərə, zülmlərə, işgəncələrə baxmayaraq, malik olduqları regionun bu günkü inkişafının önündə dayana bilmişlər.
İndi baxalım və görəlim, Borçalı Cəmiyəti bütün bu təşəbbüslərdə nələr edib. Bu qurum xalqın qarşısında yarım səhifə həcmində belə hesabat vermək iqtidarında deyil. Çünki, ötən üç il ərzində heç bir ciddi iş görməmişdir. Halbuki bu müddət ərzində Borçalının çox məşhur olan akademikləri Ramiz Məmmədov, Səlahəddin Xəlilov, Maqsud Əliyev, alimlərdən Arif Əmrahoğlu, Hidayət Nuriyev, Kərəm Məmmədov, Şəmistan Mikayılov, Abdulla Mehrabov, Loğman Məmmədov, Fərman Ceyranov və digərlərini Borçalı amalı yönündə səfərbər etməklə genişmiqyaslı addımları atmaq mümkün idi. Akademik Camal Mustafayev kimi təmiz bir insanın adından sui-istifadə hallarına yol verilməsi isə Borçalı məsələsinin sadəcə Bakıdakı restoran və şadlıq evləri, qutabxana və kababxana, bufet və kafe səviyyəsinə endirilməsi kimi başa düşülməlidir.
Biz hər ötən gün ərzində Borçalını qarış-qarış itiririk. Borçalı səssiz deportasiya siyasəti formasında türkün əlindən çıxır. Halbuki, təkcə Babakər dağınının ətrafındakı qədim kurqanlar türklərin burada hələ 6-7 min il öncə yaşadıqlarının tarixi mirası kimi öz təsdiqini tapmışdır. Borçalı coğrafi stratregiyasının hədəflərini bilməyən, bunun uğrunda mübarizənin önündə dayanmağı bacarmayan, intellektual komandanın xaricində başı “qrant” layihələrinə qarışan bir qurum ya ləğv edilməli, ya da Borçalı siyasətini daha effektiv səviyyədə inkişaf etdirə və irəli apara biləcək təşəbbüskarlara yer verilməlidir. Çağdaş siyasi texnologiyalara dayanıqlı şəkildə hərəkət etməyin zamanı çoxdan çatmışdır. Borçalıda Türkün varlığını sübut edən, bunun coğrafi sərhədlərini maddi sübuta çevirmək üçün adicə muzey yarada bilməyən təşkilat liderləri ya istefa verməli, ya da Borçalı adına fəaliyyətlərini durdurmalıdırlar. Borçalı adına hansısa mübhəm maraqların ardınca sürünmək siyasətinə artıq əlvida söyləməyin zamanıdır. Bu gün Qərbin Güney Qafqaz və Gürcüstan strategiyası masasında “Türksüz Borçalı” siyasəti yer almışdır. Elə digər beynəlxalq güclər də bu taktikadan istifadə edirlər. Azərbaycanın diaspor komitəsinin, Borçalı Cəmiyyətinin də susqunluqla həmin strategiyanın yanında yer alması Qafqazda antitürk siyasətinin gizlinlərinin yeni “kompleks siyasəti”nin tərkib hissəsi sayılır. Bir zamanlar Çarlıq Rusiyası tərəfindən gürcü kilsəsinin təklifi ilə Borçalı Türklərinin Urmu, Qars, Ərzurum, İqdır vilayətlərinə sürgün edilmələri siyasəti aparılmışdır. İndi bu estafeti regionda maraqları digər güclər həyata keçirməkdədirlər. Borçalı Cəmiyyətini idarə edənlərin bundan xəbəri varmı? Varsa niyə susurlar?
Ənvər BÖRÜSOY

. |
Comments
Yazılır ki, 2003-cü ildən indiyədək Gürcüstan iqtisadiyyatına 60 mlrd. dollar xarici investisiya yatırılıb, bu pullar isə hakimiyyətin və kilsənin güclənməsinə yönəlib. Dəqiqləşdirmə üçün deyim ki, rəsmi statistikaya görə (http://nbg.gov.ge/index.php?m=306) bu müddətdə Gürcüstana cəmisi 5.9 mlrd.$ birbaşa investisiya, 550 mln.$ portfel investisiyası yatırılb və Gürcüstan dövlətinin 54 mln.$ borcu silinib. Hamısı bir yerdə edir - 6.6 mlrd.$, daha 60 mlrd.$ yox. Digər tərəfdən xarici investor pulu gətirib dövlətə vermir ki, vətəndaşına və ya kilsəyə paylasın. İnvestor pulu gəlir əldə etmək üçün qoyur. Bu gün bizim azərbaycanlılar Borçalıya investisiya qoymaqda nə dərəcədə maraqlıdırsa, alman, ingilis və s. də o qədər maraqlıdır. Heç kim pulunu kadr potensialı yox səviyyəsində olan, adi infrastrukturu belə olmayan yerə qoymaqda maraqlı deyil.
Yekunda məsləhət görərdim ki, hamını asıb-kəsən belə yazılar bizə yaxşı heç nə verməyəcək. Bu gün bizim gənc nəsil bilik və dünyagörüşünə görə öz gürcü həmkarlarından çox geri qalır. Onları vətəndaş inamsızlığına kökləmək əvəzinə çalışmağa sövq etmək lazımdır.