|
Sentyabrın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər nümayəndələri Gürcüstana səfər ediblər.
Səfər çərçivəsində onlar Marneuli rayonunun Kvemo Sarali kəndində “SOCAR Georgia Gas” MMC tərəfindən inşa olunmuş qaz kəmərinin açılışında iştirak ediblər.
Bildirilib ki, uzunluğu 11,7 kilometr (km) olan bu yeni kəmər 380 potensial abonentin qaz şəbəkəsinə qoşulması üçün imkan yaradacaqdır. Qeyd olunmuşdur ki, bu günədək Marneuli rayonu ərazisində 185 km uzunluğunda qaz kəmərləri inşa edilmiş və 5 min 367 abonent qaz şəbəkəsinə qoşulub. Hazırda rayonun Qaçağan, Sabirkənd, Didi Muqanlo və Lejbadin kəndlərinin qazlaşdırılması üzrə işlər davam etdirilir. İnşa ediləcək qaz kəmərlərinin ümumi uzunluğu 105 km olacaq və bunun da nəticəsində 2 min 465 abonent xəttə qoşulacaqdır.
Mərasimdə bildirilib ki, görülən işlər nəticəsində 2009-2011-ci illərdə Gürcüstan üzrə ümumilikdə 1281 km qaz kəməri çəkilib, 74 min 398 abonent qazla təmin olunub. Qəbul edilmiş 3 illik sərmayə proqramına əsasən, 2009-2011-ci illərdə ölkə üzrə 2 min 792 km qaz kəmərlərinin inşası nəzərdə tutulur. Nəticədə 151 min 420 abonent qazla təmin ediləcək.
Açılış mərasimində Rövnəq Abdullayevlə yanaşı, Gürcüstanın enerji və təbii sərvətlər naziri Aleksandr Xetaquri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-nin vitse-prezidentləri Süleyman Qasımov, Davud Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, şirkətin Gürcüstandakı nümayəndəliyinin rəhbəri və “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
. |