|
Gürcüstandakı Kulevi Metroloji laboratoriyasına kalibrləmə əməliyyatları həyata keçirmək icazəsi verilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bu qərar Gürcüstan Milli Akkreditasiya Mərkəzi tərəfindən qəbul edilib.
Məlumata görə, kalibrləmə əməliyyatlarına təzyiq ölçmə vasitələrinin və elektrik miqdarı ölçmə vasitələrinin kalibrlənməsi daxildir. Terminalın Metroloji laboratoriyası nəzarət-ölçü avadanlıqlarının istismarı işində səmərəliliyin artırılması və vahid ölçü sisteminin tətbiq olunması məqsədi ilə yaradılıb.
“Hazırda avadanlıq parkının genişləndirilməsi və ölçmə növlərinin artırılması istiqamətində işlər aparılır.Metroloji laboratoriyanın ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətinin ISO/IEC 17025:2006 beynəlxalq standartın tələblərinə tam uyğun olması müvafiq sertifikatla təsdiqlənib”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, SOCAR tərəfindən Kulevi terminalının alınması haqqında müqavilə 2006-cı il dekabrın sonunda imzalanıb.
. |