Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





22.10.11 00:58
Müstəqilliyimizin dəyəri

Elmira AxundovaEmosiyaları kənara qoyub faktlara müraciət etsək görərik ki, keçmiş SSRİ-də suverenlik və dövlət müstəqilliyi məsələlərinə əhəmiyyətli dərəcədə “aşağı”dan deyil, “yuxarı”dan təşəbbüs olunub.

Nə qədər paradoksal səslənsə də, Sovet İttifaqnın dağılmasının katalizatoru İttifaq respublikalarında mərkəzdən qaçan tendensiyalar deyil (Həmçinin onlar da var idi), bir tərəfdən Kremlin uğursuz siyasəti, digər tərəfdən isə Mixail Qorbaçovla Boris Yeltsin arasında olan qarşıdurma oldu.

Ola bilsin ki, dəyişiklik küləyini ilk hiss edən və keçmiş SSRİ-də şəxsi suverenliyini bərpa etmək barədə ilk tarixi qərarları qəbul edən Baltikyanı ölkələr istisnadır. Belə ki, 1990-cı il 11 mart tarixində Litva öz müstəqilliyini elan etdi. Onun ardınca 4 may 1990-cı ildə Latviya SSR-nin Ali Şurası Latviya Respublikasının müstəqilliyinin bərpasına dair Bəyannamə təqdim etdi. 1990-cı ilin 12 iyununda isə Rusiyada dövlət suverenliyi haqqında Bəyannamə elan edildi. Tezliklə isə Rusiyanın ilk prezidenti seçildi. Bütün bu proseslər SSRİ-nin dağılması prosesini sürətləndirdi və mahiyyət etibarı ilə bunu qaçılmaz etdi.

Bu dövrdə Azərbaycanda olduqca mürəkkəb və müxtəlif hadisələr baş verirdi. Bəli, burda Xalq Cəbhəsi güclü mövqeyə malik idi və onun liderləri xalqı çoxminli və hətta çoxmilyonlu mitinqlərə qaldırırdı. Lakin həmin dövrdə Azərbaycan Milli Demokrat hərəkatının rəhbərləri üçün əsas vəzifə millətin etiraz potensialını formalaşdırmaq və onu Moskvanın Dağlıq Qarabağ məsələsində tutduğu ədalətsiz mövqeyə qarşı mübarizəyə yönəltmək idi.

Onlar dövlət müstəqilliyi məsələsini birbaşa qaldırmadılar. Bundan əlavə, faciəvi yanvar hadisələrindən sonra hakimiyyət başında duranlar bütün günahı Azərbaycan Xalq Cəbhəsinin üstünə atdılar, təşkilat repressiyaya məruz qaldı. Kimisi gizli fəaliyyətə keçdi, kimisi həbs olundu və ya siyasətdən getdi. Həmçinin xalqın da “cəbhəçilər”ə münasibətində birmənalı olmayan fikirlər formalaşdı.

Respublikanın başında Moskvayönlü və Kremlin iradəsi altında olan Ayaz Mütəllibov hökuməti dururdu. O, 1990-1991-ci illərdə kifayət qədər güclü idarəçilik qollarına və ola bilsin ki, partiya sənayesi və partiya təsərrüfatı təbəqələri arasında nüfuza malik idi. Heç təsadüfi deyil ki, 1990-ci ilin sentyabrında keçirilən parlament seçkisi zamanı “Demokratik Azərbaycan” bloku qələbə qazana bilmədi. Bu blokun Azərbaycan Ali Sovetində (360 yer) olan 231 namizədindən cəmi 25 nəfər seçildi.

Lakin 122 nəfər özlərində partiya dövlət nomenklaturasını birləşdirirdi. 40-dan çox şəxs sənaye və ya kənd təsərrüfatı müəssisəsinin rəhbəri idi, daha 20-dən çox insan parlamentə hüquq-mühafizə orqanlarından gəldi və s. Heyranedici faktdır: bu parlamentə seçkilərdə Azərbaycanın ziyalı təbəqəsini təmsil edən namizədlərin demək olar ki, heç birinə səs verilməmişdi. Belə ki, Elmlər Akademiyasının namizəd kimi qeydə alınan 20 üzvündən yalnız bir nəfər, təqribən 20 yazıçıdan yalnız 4 nəfər seçildi ki, onlardan da ikisinə (S.Rüstəmxanlı və Y.Səmədoğlu) bu, Azərbaycan Xalq Cəbhəsi sıralarında ictimai-siyasi fəaliyyəti sayəsində nəsib olmuşdu.

Bəlkə də, həmin dövrdə Azərbaycan Sovet İttifaqının bu cür Sovet və kommunistyönlü parlamentin formalaşdığı tək-tük respublikalarından biri idi. Və heç təsadüfi deyil ki, 1991-ci il martın əvvəlində üç günlük debatlardan sonra martın 17-də respublika ərazisində İttifaq SSR-nin saxlanmasına dair referendumun keçirilməsi haqqında qərar qəbul etmək kimi şübhə doğuran şərəf də məhz bu parlamentə məxsus idi. Bu sessiyada deputat Heydər Əliyevin çıxışı xüsusilə yadımda qalıb. O, fakir ayrılıqlarının yarandığı gurultulu zalın nifrətini öz üzərinə götürdü.

Bu cəsarətli şəxs coşan insanların arasında tək qaya kimi dayanaraq açıq şəkildə bəyan etdi: “Bəli, mən bütün həyatımı inamla Sovet İttifaqının möhkəmləndirilməsinə xidmət etmişəm, lakin bu gün aydın şəkildə görürəm ki, respublmka başqa yolla hərəkət etməlidi”. Onun – “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarıyam, İttifaqa daxil olmağın və referendumun keçirilmsinin əleyhinəyəm”, - kimi son sözləri “sağçılar” və “solçular”ın səs-küyünü batırdı. Nəticədə, onnun ardınca çıxış edən prezident A.Mütəllibov səsvermənin nəticələrini qabaqcadan müəyyən etdi.  43 səsə qarşı 254 səs “hə” dedi.

Referendum müvəffəqiyyətlə keçirildi, səslərin 71 faizini topladı və sevinclə Moskva qarşısında hesabat verildi. Azadlıq və müstəqillik uğrunda həqiqi mübarizə aparan adacıq yalnız Naxçıvan Muxtar Respublikası oldu. Burada Ali Məclisin deputatı Heydər Əliyev və AXC deputatlarının təsiri altında referendumun keçirilməməsinə dair qərar qəbul oludu.

Zaman göstərdi ki, dahi siyasətçi və strateq Heydər Əliyev həmişə olduğu kimi haqlı idi. Artıq bir neçə aydan sonra 20-21 avqust hadisələri baş verdi və suverenlik paradları keçirilməyə başlandı. Lakin fikir verin, Ayaz Mütəllibov burda da hadisələrin quyruğunda yer aldı. O tez-tez təcrübəli siyasətçi üçün bağışlanmaz səhvlərə yol verirdi. O, əvvəlcə tələsik Fövqəladə Vəziyyətə dair Dövlət Komitəsini tanıdı, daha sonra da tələsik ondan imtina etdi. Bundan sonra isə tələsik və səriştəsiz şəkildə Kommunist Partiyasını buraxdı ki, bununla da özünün kütlə arasındakı dayağını itirdi.

Dövlət müstəqilliyinin elan olunmasına gəldikdə isə, ölkə üçün tarixi əhəmiyyətə malik olan bu tarixi hadisələr keçmiş SSRİ-nin bir çox digər respublikalarından daha gec baş verdi. Bu istiqamətdə ilk addım “Respublikanın dövlət müstəqqilliyinə dair Bəynnamə”nin qəbulu oldu. Bu 1991-ci iln 30 avqust tarixində Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasnda baş verdi.

Düzünə qalsa məhz bu günü Müstəqilliyin əldə olunması Günü kimi hesab etmək olar, çünki  ay yarımdan sonra, 1991-ci il 18 oktyabr tarixində qəbul olunan Konstitusiya aktı müstəqilliyin yalnız siyasi, iqtisadi və hüquqi əsasını formalaşdırdı. Yeri gəlmişkən, keçmiş SSRİ-inin bir çox respublikalarında məhz Müstəqillik Bəyannaməsinin qəbul olunduğu gün dövlət bayramı kimi qeyd olunur. Xüsusən ona görə ki, Müstəqillik Bəyannaməsini bütün respublika parlamenti qəbul etmişdi, Konstitusiya aktını isə cəmi bir neçə nəfər.

Kimlərsə həm o günlərdə, həm də bu gün özünü müstəqillik uğrunda həqiqi mübarizəkar adlandırmaq istəyir. Bununla belə KİV-də nədənsə sıx-sıx Konstitusiya aktına imza atan 43 nəfərin adi sıx-sıx qeyd olunur və şişirdilir. Kimlərsə onların hamısına Milli qəhrəman adının verilməsinə çağırır.

O zaman niyə bu ad 1991-ci il 30 avqust tarixində demək olar ki, tam heyətlə dövlət müstəqilliyinin bərpasına dair Bəyannamənin lehinə səs verən Ali Sovetin 360 deputatın hamısına verilməsin? Yeri gəlmişkən, Bəyannamənin altında Azərbaycan Ali Sovetinin Prezidium sədri Elmira Qafarlovanın da imzası var. Hesab edirəm ki, bu kişi cəsartli qadının Azərbaycanın parlamentarizm tarixində və ümumiyətlə Azərbaycanın müstəqillik əldə etməsi tarixində kifayət qədər qiymətləndirilməyib. Həmin günlər və aylar Elmira xanım ədalətsiz hücum və ittihamlara məruz qalmışdı, bu da onu bir çox hallarda ağır xəstəliyə yoluxmasına və ölümünün tezləşməsinə gətirib çıxardı.

Bununla yanaşı, Elmira Qafarova Azərbaycanın həqiqi vətənpərvəri idi və o bunu Yanvar faciəsinin baş verdiyi gün nümayiş etdirdi, onun ittiham dolu bəyanatı yerli və xarici radiostansiyalarda yayımlandı, baş verən qanlı faciədən sarsılan milyonlarla azərbaycanlının kədərinə təsəlli oldu.

Söhbətimizə davam edək. Bütün bu müstəqillik paradları nominal xarakter daşımaqda idi, ən azından Azərbaycan üçün belə idi, çünki respublika yenə də əvvəlki kimi Moskvadan idarə olunurdu və Kreml rejiminə tabe idi. Buna görə də dövlət müstəqilliyi haqqında referendumu da ölkədə ancaq 1991-ci il dekabrın 29-da- daha doğrusu, üç slavyan ölkəsi liderinin Belovejsk meşəsində SSRİ-nin süqut etməsi haqqında bəyanat səsləndirməsindən üç gün sonra  keçirildi. Buna görə də, etiraf etmək acı olsa da, respublikanın Kremlin buyruğu ilə hərəkərt edən, kommunistpərəst və Moskvayönümlü rəhbərliyinin ucbatından, biz həmişə hadisələrin axarından kənarda qalmışıq və müstəqilliyimizi demək olar ki, hamıdan gec elan etmişik.

Misal göstərməyimi istəyirsiniz? Buyurun! 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı referendum keçirildi, dövlətin öz müstəqilliyinə qovuşmasına isə 98,93% səs verdi. Artıq 1991-ci il aprelin 9-da ümumxalq referendumunun nəticələrinə əsasən, sözügedən ölkənin Ali Soveti Gürcüstanın dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı 1918-ci il Müstəqillik Aktını və 1921-ci il Konstitusiyasını tanıyan Akt qəbul etdi.

1991-ci il iyulun 27-də Belorusun müstəqilliyi haqqında Bəyannamə qəbul edildi, respublika Sovet İttifaqından azad olmasını isə 1991-ci ilin avqust ayının 25-də elan etdi.

Estoniya öz dövlət müstəqilliyini 1991-ci il avqustun 20-də, Ukrayna isə 1991-ci ilin 24 avqustunda elan etdi. 1991-ci il sentyabrın 21-də isə Ermənistan xalqı ümumxalq referendumunda Sovet İttifaqından azad olmağın lehinə səs verdi. Məhz həmin gün Ermənistan Ali Sovetinin qərarı ilə SSRİ-nin tərkibindən çıxmaq və müstəqil dövlət yaratmaqla bağlı referendum keçirildi. Səsvermə hüququ olan vətəndaşların 99%-i bu seçimin lehinə səs verdi. İki gün sonra, sentyabrın 23-də respublikanın Ali Soveti Ermənistanı müstəqil dövlət elan etdi.

Hətta Orta Asiya respublikaları da bu prosesdə bizdən qabaqda idilər. Belə ki, 1991-ci il avqustun 31-də Qırğızıstan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Dövlət Müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Bu tarixi akta əsasən, Qırğızıstan Respublikası müstəqil, suveren, demokratik ölkə elan edildi.

1991-ci il sentyabrın 9-da Tacikistan Ali Sovetinin növbədənkənar sessiyasında Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında Bəyanat qəbul olundu. Hamıdan gec- dekabrın 16-da öz müstəqilliyini elan edən ölkə Qazaxıstan oldu.

*    *    *

Qeyd etdiyim faktlar qəti şəkildə bunu sübut edir: Azərbaycanın XX əsrin sonunda öz dövlət müstəqilliyini elan etməsi böyük və qlobal tarixi prosesin bir hissəsi idi, bizim respublika bu prosesdə sadəcə olaraq, sıravi iştirakçılardan biri idi. Bəli, 1988-ci ildən başlayaraq, vətəndaşlarımızın bir çoxu azadlıq uğrunda canlarını fəda etdilər, Dağlıq Qarabağ hadisələri də, daha sonra Bakıda 1990-cı ildə baş verən qanlı Yanvar hadisələri də SSRİ-yə qarşı mərkəzdənqaçma meyllərini gücləndirdi, totalitar rejimin əsl mahiyyətini və iç üzünü ortaya qoydu. Buna bənzər hadisələr Vilnüsdə, Riqada, Oşda, Tbilisidə də baş verdi. Hər yerdə insanlar qurban gedirdi, hər yerdə nahaq insan qanı axıdılırdı. Buna görə də, M. Qorbaçovun SSRİ-nin süqutunun qansız-qadasız ötüşməsi ilə bağlı səsləndirdiyi bəyanat kifayət qədər təhqiredici görünürdü. Qan yetərincə axmışdı, hətta onun günahı ucbatından həmin qan hələ də axmaqda davam edir...

Postsovet məkanının yeni müstəqillik əldə etmiş dövlətlərinin qarşısında indi daha mürəkkəb məsələlər dayanırdı. V. İ. Leninin də dediyi kimi, əsas hakimiyyəti əldə etmək deyil, əsas hakimiyyəti əldə saxlaya bilməkdir. Nominal olaraq, müstəqillik əldə etmiş keçmiş sovet respublikaları de-fakto olaraq, müstəqil olmaq hüquqlarını müdafiə etməli, daxili və xarici siyasətin bütün sahələrində suverenləşmə proseslərinin get-gedə dərinləşməsinə nail olmalı idilər.

Müxtəlif ölkələr bu 20 ili fərqli şəkildə başa vurdular. Ölkələrdən bəzisi Avropa İttifaqına daxil oldu, hətta NATO-nun üzvü oldu, hansısa ölkəni isə heç Avropa Şurasının kandarından da içəri buraxmadılar, ölkələrin bəzisində sabit hakimiyyət dəyişiklikləri, rəngli inqilablar, dövlət çevrilişləri indiyədək davam edir. Hansısa ölkə ya tam, ya da qismən Rusiya qazının və neftinin tədarükündən asılıdır, hansısa ölkə ümumiyyətlə Rusiyanın hərbi və iqtisadi dəstəyi olmasaydı, dövlət kimi mövcud belə olmayacaqdı (qonşularımız ermənilər kimi). Bir sözlə, keçmiş SSRİ-nin heç də bütün respublikaları öz de-yure müstəqillikləri de-fakto ilə əvəzləyə bilməyiblər. Lakin, pozitiv sayılan göstəricilər də var, xüsusilə, getdikcə güclənən Qazaxıstandakı sosial-siyasi və iqtisadi sabitlik vəziyyəti bu dövləti Asiya-Sakit Okean bölgəsinin lider dövlətlərindən birinə çevirməkdədir.

Zaqafqaziya bölgəsində dövlət müstəqilliyinin daha uğurlu modelini Azərbaycan Respublikası nümayiş etdirməkdədir. Dünya ekspertlərinin hesablamalarına görə, respublika son illər ərzində nəhəng texnoloji və müasir sıçrayışlar edib.  Axı Azərbaycanın inkişaf üçün tələb olunan başlanğıc şərtləri daha az əlverişli idi: qanlı-qadalı Qarabağ savaşı, torpaqların işğal edilməsi, milyonlarla qaçqın axını kimi problemlər mövcud idi. Bizim müstəqil dövlət kimi özümüzü təsdiqləmək imkanımız digər respublikalarla müqayisədə daha çətin idi.

Xoşbəxtlikdən, biz bunun da öhdəsindən gəldik, çünki görkəmli qazax şairi Oljas Süleymenovun da dediyi kimi, “çətin keçid dövrlərində hakimiyyətin başında mütləq təcrübəli və peşəkar siyasətçilər dayanmalıdır”. Dövlətimizin və millətimizin məhz belə xilaskarı Heydər Əliyev oldu, onun inanılmaz səyləri nəticəsində Azərbaycanı “Əfqanıstana çevrilmək” təhlükəsindən qorumaq, güclü hakimiyyət quruluşu yaratmaq, eləcə də müstəqilliyin ilk illərində dövlətin mövcudluğu üçün vacib olan hüquqi, siyasi və iqtisadi əsasları yaratmaq mümkün oldu.

Son 7 il ərzində onun layiqli və istedadlı davamçısı olan İlham Əliyev, seçicilərinin dəstəyinə və qəti inamına əsaslanaraq, öz ölçülüb-biçilmiş, praqmatik siyasəti ilə suveren Azərbaycanın 20 ildən sonra müstəqil dövlət kimi tanınmaq hüququna tam şəkildə malik olduğunu dünya ictimaiyyətinə sübut etdi. Və bu da, 2-ci Azərbaycan Respublikasının ilk iki onillikdə əldə etdiyi uğurların bariz nümunəsidir.

Bu gün Azərbaycan durmadan çalxalanan beynəlxalq maliyyə böhranının, daimi inqilabların və dinc əhaliyə qarşı törədilən terror aktlarının fonunda siyasi-iqtisadi sabitliyə malik olan kiçik adaya bənzəyir. Biz olduqca mürəkkəb və sadə olmayan bir mühitdə yaşayırıq. Dostlarımızın sayı çoxdur, lakin bizi istəməyənlər də var, onlar Azərbaycanı qlobal və ağlasığmaz fəsadlar verə biləcək böyük “inqilabi burulğan”ın içinə salmaq istəyirlər. Onlara bunu həyata keçirməyə imkan verə bilmərik. Provokasiyalara yol verə bilmərik. Bunların hamısını tarix bizə zamanında göstərib.

Müstəqilliyimizin dəyəri- azadlığımızın dəyəridir. Bu, bizim ailələrimizin, övladlarımızın, gələcək nəsillərimizin dəyəridir. Gəlin, bu dəyəri göz bəbəyimiz kimi qoruyaq!

Elmira Axundova

Yazıçı, publisist

1news.az

.

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 38 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.