Qarşıdan gələn Parlament seçkilərində kimə səs verəcəksiniz?
 

Bəner

_RU__AZ

 


Bir hədis . . .

Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın içilməsi, zinakarlığın yayılması qiyamət saatını yaxınlaşdırar. Buxari, İman kitabi/ 80



Rambler's Top100





08.01.12 13:13
Tbilisidə üç gün

Təranə MəhərrəmovaAdamın yaddaşında şəhərin tarixiliyi ilə seçilən görünüşü, insanların kasıblığa boyun əyməyən gülər üzü, təbəssümləri, mehriban, isti rəftarları və özünəməxsus təamları qalır.

Yeni il tətilini Gürcüstanda keçirməyə gedənlərin sayı çoxdur, lap çox. Şəhərin küçələrində, kafe və restoranlarda, ictimai nəqliyyatda ailəvi və dost-tanışla dincəlməyə gələn, fərqli bayram ovqatı yaşamaq istəyən, ölkəmizdəki turizm obyektlərinin, istirahət mərkəzlərinin bahalığından yayınan azərbaycanlılar da istənilən qədərdir. Hətta adam az qala özünü Bakıdakı kimi hiss edir. Və əgər ətrafın öz millətinin nümayəndələri ilə doludursa və öz dilində danışırlarsa, ətrafdakı gürcülər belə Azərbaycanı məhəbbətlə xatırlayıb: “Bakı daha işıqlı, daha gözəldir”- deyirlərsə, onda özünü niyə qonaq və qərib hiss edəsən ki?

Bayram ovqatı

Avtobus bizi səhərə yaxın avtovağzala çatdıranda hələ də gecənin qaranlığı idi. Sovet dövrünün tikililərini xatırladan köhnə və təmirsiz avtovağzalda taksi sürücüləri eynən bizdəki kimi avtobusun qarşısına qaçaraq “maşın lazımdır?”- deyə rus və gürcü dillərində soruşurlar. Fərq təkcə onda idi ki, adamı qərib görüncə qiymət oxumur, bir az insaflı tərpənirlər.

Sürücü bizi yerləşəcəyimiz ünvana – köhnə Tbilisinin Old town adlanan küçəsinə aparana qədər qarşısından keçdiyimiz binalar haqqında da danışdı.

Amma şəhərin ümumi görkəmindən yağan kasıblıq qaranlıqda da gözdən qaçmır. Hiss olunur ki, Tbilisi kasıb şəhərdir, çox kasıb. Bir azdan insanların geyim-kecimindən, küçələrdə şütüyən maşınlardan, dalanlardan, gözdən kənar küçələrdən də bunu hiss edəcəkdik.

Şəhərin al-əlvan bəzədilməsi isə gürcülərin Yeni ilin gəlişini xüsusi əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşmalarından xəbər verir. Yolları, binaları bəzəyən rəngbərəng işıqlar, bəzəklər gecənin qaranlığına gündüz ovqatı bəxş edir. Hərçənd yayda və yazda şəhəri qoynuna alan yaşıllığı yeni ilin bəzəkli dekorasiyaları əvəzləsə də bu mənzərənin fərqli gözəlliyi var. Bu təm-təraqa musiqi səsləri, insanların şən əhval ruhiyyəsi qarışanda isə daha gözəl olur. Bir sözlə, əsl bayram ovqatı...

Hələlik isə, uzun yolun yorğunluğundan sonra dincəlməyə ehtiyac vardı. “Sınıq körpü” buraxılış məntəqəsində yaşadığımız üzüntüdən, nizamsızlığın yaratdığı növbədən, hər cür kobudluğu özünə rəva görən bəzi kişilərin hərəkətindən, bizi Gürcüstan sərhədində qarşılayan şaxtalı soyuqdan sonra... Həm də qarşıda gürcülərin və şəhərin qonaqlarının dirigözlü açacağı uzun bir zaman bizi gözləyirdi – Yeni il gecəsi.

Fırtınadan sonrakı sakitlik

Tbilisidə Avropa ölkələrinə səyahət kimi şəhərin xəritəsini əldə etməyə o qədər də ehtiyac yoxdur. Balaca şəhərin yolları özü adama bələdçilik edir.

Bayram əhval-ruhiyyəsi ən çox Tbilisinin məşhur Azadlıq meydanında hiss olunur. Gürcülər bu meydanı daha çox “Freedom square” adlandırmağı xoşlayırlar. Görünür, azadlıq hissinin ingiliscə anlamı gürcülərin ruhuna daha çox xoş gəlir. Şəhərin qonaqları da meydanı bu adla tanıyır.

Paytaxtın Marcanaşvili, Rustaveli və s. küçə və prospektlərində sözün əsil mənasında bayram təmtərağı yaşanır. Axşam saat 12-dən sonra Marcanaşvili prospektində təşkil olunacaq bayram konsertinə az qala bütün şəhər camaatı axışır, prospektdə adam əlindən tərpənmək olmur. Xüsusən gənclərin aləmi başına götürən hay-küyü, şən nəğmələri, uşaqların sevinci... Həmin gün və sonrakı iki gün ərzində hamı bayramla əlaqəli ictimai nəqliyyatın pulsuz xidmətindən yararlandığına görə də sevinirdi.

Axşam 12-də isə şəhərdə yaşanan atəşfəşanlığı sözlə təsvir etmək mümkün deyil. Bu qələbəliyə gürcülərin təbiətindən doğan emosionallıq da qarışır... Gürcülərin, Yeni ili burada qeyd etməyə gələn turistlərin üzü gülür, şən əhval-ruhiyyələri bir-birinə sirayət edir. Metroda, küçələrdə gənclər çalıb oynayır, ətrafdakılar da onları əhatə edərək  bu şənliyə qoşulurlar...

Səhəri gün isə Tbilisi mənə yuxuya dalan, fırtınadan sonrakı sakit dənizi xatırlatdı. Avtobuslar küçələrdə bomboş şütüyür, insanların hər gün qaynaşdığı ən böyük küçələrdə belə boşluq yaşanır. Bəzi ərzaq mağazalarından başqa bütün mağazalar bağlıdır. Amma ən xoşa gələn üz-üzə rastlaşan adamların bir-birinə şirniyyatlar verməsidir. Bu, onların ənənəsidir: yəni qarşılayacağınız il şirin olsun!

Gürcülər yanvarın 2-ni də fərqli ovqatla qeyd edirlər. Bu tarixin də onlar üçün öz anlamı var: həmin günü necə keçirirsənsə demək, bütün ili elə yaşayacaqsan.

Tarixə səyahət

Səhəri gün fürsəti fövtə verməyib Tbilisinin tarixi yerləri ilə tanış olmaq qərarına gəldik. Hərçənd bayram günləri olduğundan demək olar ki, bütün idarə və təşkilatlar, muzeylər bağlı idi. Təkcə art qalereyalar, kilsələr, sinaqoq və  məsçidlərdən başqa.

Levani adlı gürcü bizə məmnuniyyətlə və təmənnasız bələdçilik etməyə razı oldu. Daha doğrusu, bizimlə eyni oteldə qalan Lion Universitetinin professoruna bələdçilik etdiyindən bizə də bu xüsusda yardım göstərməsindən imtina etmədi. Və bunun  müqabilində bizdən pul da ummadı. Dedi ki, “gələn qonaqları ölkəmin tarixi ilə tanış etmək mənim xoşuma gəlir və buna görə heç kəsdən pul almıram”. Nə qədər qəribə səslənsə də, hər halda vətənpərvərlikdir. Gürcü vətənpərvərliyi.

İlk ünvanımız Narıqala oldu. Levani dedi ki, dağların başında yer alan qala kompleksinin yaranma tarixi dəqiq məlum deyil. Amma mənbələrə görə, 7-ci əsrdə qala mövcud olub və Şuris –Sixe adı ilə tanınıb. Qurucu Davidin dövründə isə qala genişləndirilərək möhkəmlənib. Belə hesab olunur ki, qalanın indiki adı monqollarla bağlıdır.

Hündür pillələrlə qalaya qalxmaq kiməsə asan gəlməsin. Qalanın içərisindən Tbilisi ovucun içi kimi aydın görünür. Ancaq qalanın həyətinin baxımsız vəziyyətdə olması da gözdən yayınmır. Hər tərəfi ot-ələf basıb. Mən bu səliqəsizliyi tarixi abidəyə dövlətin laqeydliyi kimi dəyərləndirəndə, bələdçi mənimlə razılaşmadı. Dedi ki, qala 11-ci əsrdə belə olub. Əski görkəmi saxlamaq üçün burada heç nəyə toxunmayıblar. Çünki qalaya ekskurs tarixə səyahətdir.

Həm də Narıqala indi təkcə tarixə ekskurs rolunu oynamır. Bura həmçinin sevgililərin görüş yeridir. Ərazini gəzərkən gənc oğlan və qızların qalanın dərinliklərinə çəkildiyi diqqətdən yayınmır. Bunu sezən bələdçi “mən cavan olanda bura qalxmağa icazə yox idi” deyə təəssüflə dilləndi.

Tbilisidə kilsələr də çoxdur. Tarixi də bir-birindən qədim. Sameba, Metexi və s. kilsələr uzaqdan əzəməti ilə diqqəti çəkir. Sameba kilsəsi 1989-cu ildə tikilsə də paytaxtın baş və ən böyük kilsəsi sayılır. Dağların hündürlüyündə yer alan kilsə şəhər sakinlərini və gələn qonaqları ucalıqdan salamlayır. Sameba müasir Tbilisinin siması sayılır.

Köhnə Tbilisinin hündür məhəlləsində, Narıqalaya gedən yolda müsəlman məscidi yerləşir. Levani dedi ki, Gürcüstanda 80 dən çox millət yaşayır və onların öz dini etiqadları, adət-ənənəsi var.

Köhnə Tbilisidə qədim türk hamamı da turistlərin ən çox ziyarət etdiyi məkandır. Müasir dövrdə isə bura Corc Buşun rəqs etdiyi yer kimi tanınır. Tarixi abidə kimi qorunan hamamın lap yanında müasir hamam və restoran fəaliyyətdədir. “Həmin hamamdan indi də isti su çıxır” deyə Levani bildirdi.

Lap yaxınlıqda - 1829-cu ildə tikilən Tiflis hamamında isə görkəmli rus şairi Puşkin də olub. Böyük şair hətta “Mən burada Tiflis hamamından cah-cəlallı heç nə görmədim”- deyə heyrətini gizlətməyib.

Eləcə də Kukla muzeyi bayrama təsadüf etdiyindən işləmirdi. Binanın çöldən təmirsiz vəziyyəti mənə bəzi təmirsiz muzeylərimizi xatırlatdı. Amma sonradan Levaninin Nariqala haqqında dediklərini xatırlayıb hər cür müqayisəni mənasız saydım.

Şəhərin ən məşhur tikliləri isə Rustaveli prospektindədir. Xüsusən mədəniyyət obyektləri. Rustavelinin adını daşıyan məşhur teatr da, Tbilisi Milli Muzeyi də, Parlamentin binası da bu küçədə yerləşir.

Taglaura restoranı isə əsl gürcü milliliyinə nümunə kimi diqqətimi çəkdi. Bura gələn qonaqlar gürcü musiqisini dinləməklə yanaşı, milli mətbəxin dadına da baxırlar. Dedilər ki restoranın sahibi Gürcüstanın uzaq kəndində anadan olduğundan uşaqlıqda yaşadığı kənd həyatını enən bu restorana köçürüb. Taxta bacalar, leylək yuvaları, şərab çəlləkləri – son dərəcə maraqlı dizayn adamda qəribə nostalji hisslər oyadır.

Gürcülər öz ölkələrinin başqa ölkələrlə müqayisəsini o qədər də sevmirlər. Öz filmlərindən, aktyorlarından, musiqilərindən həvəslə və məlumatlı danışırlar. Dillərini və dinlərini sevirlər. Amma Bakının daha gözəl və işıqlı olmasını etiraf etməkdən də çəkinmirlər. Aralarında bizi “Eurovision-2011” müsabiqəsindəki qələbəmizə görə  təbrik edənlər də oldu. Hətta “Bakıdakı müsabiqəyə biz də gəlmək istəyirik” deyənlər də tapıldı. Təbii ki, bunları eşitmək xoş idi.

Tbilisidə yaşayan azərbaycanlılardan bəziləri orada dil və dinlərinin qoruyub saxlamağın o qədər də asan olmadığını dedilər. “Yaşamaq isə o qədər də asan deyil. Hamımız  ticarətlə yaşayırıq. Dolanışığımız Türkiyə, Dubay və Cin yollarından çıxır”.

Tbilisi qəribə şəhərdir - balaca və maraqlı. Qəribədir ki, Kür çayının sərinlik və gözəllik gətirdiyi şəhərin yoxsulluğu o qədər də yaddaşda qalmır. Yaddaşda qalan təkcə şəhərin tarixiliyi ilə seçilən görünüşü, insanların kasıblığa boyun əyməyən gülər üzü, təbəssümləri, mehriban, isti rəftarları və özünəməxsus təamları olur. Bir də gələn qonaqlara sərf edən ucuzluq. Tbilisidəki ucuzluq daha çox qiymətlərin insaflı olması anlamına gəlməlidir. Sir-sifətindən tarix yağan bu köhnəlmiş şəhəri hamı üçün cəlbedici edən də bu insaf hissinin yaratdığı ovqatdır…

Təranə Məhərrəmova

Bakı-Tbilisi-Bakı

.

Comments 

 
#1 sarvan 2012-01-09 00:44
meqalenizi cox beyendim.realliqi gore bilmisiniz.
 

Şərh əlavə et


Security code
yenilə

 
Hal-hazırda :
 36 qonaqlar saytdadır
Bütün Müəllif hüquqları © 2012 regionmedia.net/az üçün Qorunur.