|
Gürcüstanıın Azərbaycanlı Gənclər İttifaqının təşkili ilə İttifaqın yeni ofisində ilk tədbir gənc türk şairi Arzu ilə görüşə həsr edildi.
İttifaqın sədri Leyla Məmmədova onu toplaşanlara təqdim etdikdən sonra AMM-in “Meydan” jurnalının son sayında şair Alxan Binnətoğlunun təqdimatında Arzunun bir neçə şeirinin dərc edildiyini bildirdi və bu təqdimatın müəyyən rəy yaratdığını da diqqətə çatdırdı. Arzunu ilk dəfə olaraq, əgər belə demək mümkündürsə, kəşf etmiş şair Alxan Binnətoğlu onunla bağlı təəssüratlarını bölüşdü. Daha sonra şair Osman Əhmədoğlu, AMM-in “Sarvan” folklor rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova, tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu, professor Mahmud Kamaloğlu, “Ozan” qəzetinin baş redaktoru Kamil Kirəcli, “Sözün işığı” qəzetinin baş redaktoru Əziz Dəlivəlli, GAGİ-nın sədr müvini Nərgiz Əliyeva çıxış edərək Arzunun şeirlərinin məziyyətlərindən, poetik tapıntılarından söz açaraq bu 17 yaşlı qızın ümidverici gənc kimi türk dünyasının şairi olmaq məsuliyyətini şərəflə daşıyacağına əminlik ifadə etdilər.
Arzunun anası Zenfira xanım onu ilahiyyat bilicisi kimi yetişdirmək istədiyini və bu məqsədlə ədəbiyyat topladığını vurğulasa da, Arzunun şeir yazmaq arzusuna sədd çəkə bilmədiyini etiraf etdi və üstəlik onun bu istəyindən bir məmnunluq duyduğunu dilə gətirdi.
Sonda Arzu iştirakçıların xahişi ilə bir neçə şeirini oxudu.
Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı
. |