|
Gürcüstan Parlamentinin deputatı Ramin Bayramovla müsahibə.
- Gürcüstanın köklü sakinlərini Azərbaycan diasporu adlandırmaq təəssüf ki, çoxdan pis bir vərdişə çevrilib. Buna münasibətiniz necədir?
- Xatırladım ki, Gürcüstan azərbaycanlıları qədimdən bəri bu ərazilərdə yaşayıblar, bununla əlaqədar olaraq onları Azərbaycan diasporu adlandırmaq cəhdləri olduqca səhv və təhlükəlidir. Bəs onda bəzi siyasətçilər və ya ictimai xadimlər bunu niyə edirlər? Ola bilsin ki, onların bunda hansısa maraqları var ya da bu sadəcə savadsızlıqdan irəli gəlir.
Gürcüstan azərbaycanlıları qədimdən bəri həmişə Gürcüstan dövləti və xalqı, gürcü çarlarının yanında olublar. Gürcüstan azərbaycanlılarına həmişə yüksək diqqət göstərilib. Çar Qurucu Davidi xatırlatmaq kifayətdir. O kilsəyə girməmişdən öncə məscidi ziyarət edərdi. O hətta gürcülərə Tbilisinin azərbaycanlıların kompakt yaşadığı rayonlarında donuz saxlamağı qadağan etmişdi.
Hələ ümummilli lider Heydər Əliyev Gürcüstana səfərlərinin birində bəyan etmişdi ki, Gürcüstan azərbaycanlıları bu ölkənin köklü əhalisidir. Və bu gün birdən Gürcüstan azərbaycanlılarını diaspora adlandıran şəxslər ortaya çıxır - ümumiyyətlə bu insanların Gürcüstan azərbaycanlıları adından danışmağa nə haqları var? Bu əslində yalnışdır: Gürcüstan azərbaycanlıları diaspora deyil, icmadır. Əgər biz özümüzü diaspora hesab etməyə başlasaq, onda bizim Gürcüstanda rolumuz və statusumuz yaxşı istiqamətə dəyişməyəcək.
- Bu gün tez-tez Gürcüstan azərbaycanlılarının assimilyasiya təhlükəsindən danışırlar. Bu özünü nədə biruzə verir?
- Gürcüstan azərbaycanlılarının həmişə öz məktəbləri və məscidləri olub. Burda isə azərbaycanlıların assimilyasiyasından danışırlar. Biz - Gürcüstan azərbaycanlıları öz dilimizi, mədəniyyətimizi və tariximizi yaxşı bildiyimiz halda hansı assimilyasiyadan danışmaq olar? Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını assimilyasiya ilə qarışdırmaq lazım deyil. Biz bir qərara gəlməliyik: ya inteqrasiya edəcəyik, ya da yox. İnteqrasiyaya nail olmamış, artıq assimilyasiyadan qorxmağa başlamışıq.
Bəli, mən tam olaraq qəbul edirəm ki, Kvemo-Kartli regionundan kənarda yerləşən, azərbaycanlıların kompakt yaşamadığı müəyyən Azərbaycan kəndlərində assimilyasiya ünsürləri hiss olunur. Lakin heç bu da qlobal problem deyil, sadəcə ictimai təşkilatlar, elə biz özümüz buna yaxından diqqət göstərməli, azərbaycanlıların doğma dillərində təhsil alması, öz xalqlarının tarixini bilmələri və qorumaları üçün şərait yaratmalıyıq.
- Əgər KİV-ə diqqət yetirsək, Gürcüstan azərbaycanlılarının uğur və irəliləyişindən çox, problem və çətinliklərinin olduğunu görərik. Bununla da Azərbaycan ictimaiyyətində Gürcüstan azərbaycanlılarının başdan-ayağa problem içində olmalarına dair təəssürat yaranır. Gürcüstan azərbaycanlılarına dair belə bir imic formalaşdırmaq bəlkə kimin üçün isə sərfəlidir?
- Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Bu strateji tərəfdaşlıq çərçivəsində çox işlər görülür. Azərbaycan Gürcüstana böyük sərmayə yatırır, xeyriyyəçiliklə məşğul olur. Bu səviyyəyə aralarında şəxsi dostluq münasibətləri və qarşılıqlı anlaşma mühiti olan Gürcüstan və Azərbaycan prezidentlərinin sayəsində çatmaq mümkün olur.
İlham Əliyev və Mixail Saakaşvili ikitərəfli münasibətlərdə belə bir mühiti yaratmağı bacarıblar və bir çox ölkələr buna qibtə edirlər. Azərbaycan-Gürcüstan əməkdaşlığının bu dərəcədə sıx olması bir çox ölkələrə siyasi və strateji baxımdan sərf etmir. Gürcüstan azərbaycanlılarının müəyyən problemlərinin qlobal şəkildə təqdim olunması və ilk növbədə Azərbaycan KİV-də qabardılmasına maraq bax burdan qaynaqlanır.
Guya, Gürcüstanda azərbaycanlıları elə sıxışdırırlar ki, onlar hara gedəcəklərini belə bilmirlər. İstənilən ölkədə olduğu kimi Gürcüstanda üçüncü tərəfin maraqarı ilə bağlı olan insanlar tapmaq olar.
- Lakin bununla yanaşı inkar etmək olmaz ki, Gürcüstan azərbaycanlılarının hələ də öz həllini tapmayan müəyyən problemləri var?
- Təbii ki, bəzi problemlər mövcuddur. Gürcüstanın təhsil naziri Dmitri Şaşkinin sözlərini misal çəkmək istərdim. Görüşlərin birində o belə demişdi: “Mənə artıq üzərində işlədiyimiz problemlərdən danışmayın, ən yaxşısı yeni, real problemlərdən bəhs edin ki, biz onlara öz diqqətimizi yönəldə bilək”. Daha doğrusu, demək istədiyim odur ki, problemlər hər bir dövlətdə var. Lakin bu gün Gürcüstan dövləti bu problemləri həll edir, islahatlar həyata keçirir, bütün bunların mahiyyətini də əhalinin diqqətinə çatdırmaq lazımdır.
KİV-lərdə hansısa vətəndaşın real sosial problemləri olmasını və onların həll edilməsi üçün həmin vətəndaşın vaxtlı-vaxtında məhkəməyə yaxud dövlət qurumlarına müraciət etməməsini qabartmaq və onun hüquqlarının pozulduğuna dair iddiaları şişirtmək nə dərəcədə düzgündür? Bu insan hüquqlarının pozulması demək deyil, sadəcə olaraq qismən vətəndaşın özünün günahı ucbatından baş verən problemdir ki, onun da yerindəcə həlli tamamilə mümkündür. Yox, əgər dövlət qurumları vətəndaşın müraciətinə yaxud şikayətinə məhəl qoymurlarsa, onda bu zaman insan hüquqlarının pozulmasından söhbət açmaq mümkündür.
Bu gün azərbaycanlıların bir hissəsi gürcü dilini zəif bilir, lakin inteqrasiya prosesi artıq işə düşüb və yaxın gələcəkdə bu problem tamamilə öz həllini tapacaqdır. Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesi artıq başlayıb və onu dayandırmaq belə mümkün deyil. Biz yalnız bu inteqrasiyanın intensiv xarakter almasına köməklik göstərə bilərik.
- Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması Azərbaycanda çoxlu söz-söhbətə səbəb oldu, belə bir fikir də yayıldı ki, guya bu Qafqaz Müsəlmanları İdarəsinin sıralarında baş verən çatlardır ki, ilk növbədə də özünü Gürcüstan müsəlmanları üçün mənfi nəticələnə biləcək fəsadlarla büruzə verir. GMİ-nin yaradılması nə qədər əsaslandırılmış məsələdir?
- Gəlin, açıq danışaq. İslam dünya dinidir və xalqların mənsubiyyətinin fövqündə dayanır. Müsəlmanın milliyətinin kim olması heç bir əhəmiyyət kəsb etmir- istər azərbaycanlı olsun, istər gürcü. GMİ-nin yaradılmasında birinci üstün cəhət ondan ibarətdir ki, bu gün Gürcüstanın müxtəlif millətlərdən olan bütün müsəlmanları öz maraq və mənafelərini müdafiə edə biləcəkləri vahid qurumda birləşiblər.
İndi Gürcüstan müsəlmanları öz qurumlarını yaratmaqla, problemlərini və qayğılarını birbaşa şəkildə ölkənin hakimiyyət orqanları qarşısında qaldıra bilirlər. Axı əgər aşağıdan təşəbbüs yoxdursa, onda hakimiyyət orqanları problemə heç vaxt diqqət yetirməyəcəklər, daha əvvəl isə belə bir təşəbbüs ümumiyyətlə mövcud deyildi.
GMİ-nin yaradılmasının müsbət məqamlarından biri də ondan ibarətdir ki, əgər daha əvvəl Həcc ziyarətinə getmək hər Gürcüstan müsəlmanının cibinə görə deyildisə, artıq bu il 25 müsəlman GMİ-nin xətti ilə tamamilə pulsuz olaraq ziyarətlərini başa vurublar. Buna görə də, hesab edirik ki, GMİ-nin yaradılması Gürcüstan müsəlmanlarını nəinki parçalamadı, hətta daha da birləşdirdi.
Məscidlərin Gürcüstanda qeydiyyata alınması prosesi artıq tam gücü ilə işə salınıb, halbuki bu məsələ daha əvvəl müsəlmanlar üçün ciddi problemə çevrilmişdi. Bu proses gedir, onun gedişatı haqqında məlumat tərəfimizdən toplanır və nəzarətimiz altında saxlanılır. Həm də ki, bununla bağlı Gürcüstanda müvafiq qanun da qəbul edilib, ona görə də məscidlərin və müsəlman icmalarının qeydiyyata alınması ilə bağlı problemlər artıq geridə qalıb.
- Şiələr və sünnilər arasında, eləcə də digər məzhəblərin nümayəndələri arasında GMİ çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq mövcuddurmu?
- GMİ çərçivəsində şiələr, sünnilər və digər məzhəbdən olanlar Gürcüstanın çoxmillətli müsəlman icmasının problemlərini öz maraqları çərçivəsində birgə müzakirə edirlər və həllini tapırlar.
- GMİ-nin yaradılmasına Bakıdan bir qədər başqa cür yanaşdılar, çünki həm də bu yeni qurumun daxilində liderlik uğrunda və müxtəlif vəzifələrə görə mübarizə də gedirdi...
- Bəli, şeyxin yerinə və digər müxtəlif vəzifələrə iddia edən müəyyən adamların ambisiyaları mövcud idi. Lakin bu proses artıq geridə qalıb, indi müsəlman icmalarının öz şeyxlərini, müftilərini və məscid imamlarını səsvermə yolu ilə seçə biləcəkləri yeni sistem yaradılıb və heç kim bu vəzifələrdə həmişəlik qalmayacaq.
Rizvan Hüseynov
Gün.Az
. |