GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Ankara İqtisadiyyat və Texnologiyalar (teknoloji) Universitetinin professoru, uluslarası məsələlər üzrə siyasi şərhçi Toğrul İsmayıldır.
- Toğrul bəy, Azərbaycanın Gürcüstan siyasətini necə təhlil edirsiniz?
- Gürcüstanın Azərbaycan üçün əhəmiyyəti yalnız iki olkə arasında mövcud olan iqtisadi munasibətlərlə əlaqədar deyil, eyni zamanda bu ölkənin geopolitik mövqeyi hər iki dövlət üçün həyati əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına sahib Azərbaycanın dünya dənizlərinə birbaşa çıxışı olmadığı üçün öz məhsullarını dünya bazarına cıxartmaq üçün Gürcüstan ərazisindən istifadə etməkdədir.
- Yəni, bu gün Gürcüstan Azərbaycanın enerji ehtiyatlarının çıxarılması üçün dəhliz rolunu oynayır?
- Əslində ilk baxışdan Azərbaycan karbohidrogen məhsullarını dünya bazarına çıxarılması üçün Rusiya, İran və Ermənistan kimi dövlətlərin ərazilərindən istifadə bəzən daha iqtisadi görünsə də, xüsusilə siyasi səbəblərdən bu ehtimalların mümkün olma ehtimalı sıfıra düşür. Məhz bu səbəbdən belə müstəqil Gürcüstanın mövcüdluğu Azərbaycanın müstəqilliyinin təminatı üçün çox vacib amildir. Eyni zamanda Ermənistanın işğalçı siyasəti nəticəsində formalaşan böyük layihələrdən bu ölkənin kənarlaşdırılması siyasəti və bu reallıqlar əsas alınaraq Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti tikilib istifadəyə verilmiş, Bakı-Tbilisı-Qars dəmir yolu xətti də inşa edilməkdədir.
- Bəs, Azərbaycanın bu ölkəyə yatırım siyasətini uğurlu hesab etmək olarmı?
- Azərbaycan şirkətləri Gürcüstana irihəcmli investisiyalar (yatırımlar) yatırmaqdadır. Qoyulmuş bu investisiyaların təhlükəsizliyinin təminatı da Azərbaycan üçün cox vacibdir. Qeyd etmək olar ki, Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda “SOCAR Energy Georgia” adlı şirkətini açmış və bu ölkədə çox iri həcmli layihələr həyata keçirməkdədir. Perspektiv (çeşməndaz) həcmi 20 milyon ton olan Kulevi neft terminalının istifadəyə verilməsi, ölkə daxilində benzindoldurma stansiyalarının (istqah, dayanacaq) açılması, Gürcüstanın 29 yerli qaz paylayıcı şəbəkələrinin idarə etməyə götürülməsi SOCAR Georgia şirkətinin əsas fəaliyyətlərindəndir. “SOCAR Energy Georgia” Gürcüstan bölgələrinin qazlaşdırılması üzrə işlərini davam etdirir. 2012-ci ildə şirkət bütün Gürcüstan üzrə yanacaqdoldurma məntəqələri şəbəkələrinin fəal şəkildə inkişaf etdirəcək. Hazırda bu ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin sayı 80 ədəd təşkil edir.
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana yatırdığı investisiyalar 1 milyard dollara çatıb.
Azərbaycan rəsmilərinin sözlərinə görə, münasibətlər çox yaxşı səviyyədədir və bu fəaliyyətlərin genişləndirilməsi istiqamətində sıx əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Son illər ərzində iki ölkə arasında mal dövriyyəsinin 60 faiz artmasını və Gürcüstana gələn turistlərin sayının çoxalmasını xalqlar arasında münasibətlərin yüksək səviyyədə olmasının əyani sübutu kimi qiymətləndirilir.
Göründüyü kimi Azərbaycanın Gürcüstanda həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər maraqları mövcuddur və Gürcüstanda ehtimal oluna biləcək qeyri-sabitlik Azərbaycanın maraqlarına birbaşa təsir göstərəcəkdir. 2008 avqustunda baş verən Rus-Gürcü savaşı isə bunun ən bariz nümünəsidir.
Söhbətləşdi: Elnur Eltürk
. |