|
Nikolya Sarkozi: «Bütün Avropa Birliyini əhatə edən razılaşmanın əldə edilməsini İngiltərə əngəllədi»
Avrozonada borc böhranı mövzusunda həlledici görüşdə səhərə qədər davam edən müzakirələrdə Avropa Birliyi liderlərinin yığıncağında 23 ölkənin yeni Avropa Birliyi razılaşmasına qoşulması barədə qərar ortya çıxıb. Avropa Birliyi Şurasının sədri Herman Van Rompay yeni razılaşmanın 17 avrozona ölkəsi və 6 digər Avropa Birliyi üzvünü əhatə edəcəyini bildirib. O, həmçinin bu ölkələrin Beynəlxalq Valyuta Fonduna (BMF) 200 milyard avro əlavə vəsait köçürəcəyini açıqlayıb.
BBC-in xəbərinə görə, Fransa prezidenti Nikolya Sarkozi də müzakirələrdən sonra verdiyi açıqlamada bütün Avropa Birliyi üzvlərini əhatə edən bir razılaşmanı seçdiyini, amma İngiltərənin yanaşması üzündən bunun mümkün olmadığını söyləyib. Sarkozi İngiltərənin bəzi maliyyə tələblərindən azad edilməsini təklif etdiyini də deyib: «Bunu qəbul edə bilməzdik. Onsuz da qənaətbəxş dərəcədə intizam olmadığına görə hazırda problemlər yaşanır». Fransa prezidenti yeni Avropa Birliyi sazişinin gələn ilin martına qədər hazır olmasının zəruriliyini də vurğulayıb.
İngiltərənin baş naziri Devid Kemeron əvvəl verdiyi açıqlamada, ümumiyyətlə, İngiltərənin, xüsusən də Londonun maliyyə mərkəzi Citi-nin maraqlarına zərər verəcək istənilən qərara veto qoyacaqlarını bildirmişdi. Almaniya kansleri Anjela Merkel də müzakirələrdə qəbul edilən qərarların avrozonada etimadı artıracağını bildirib: «Mən həmişə avrozonada 17 ölkənin etimadı təkrar özünə qaytarmasının lazım olduğunu söyləmişəm. Məncə, bu ola bilər və hazırda qəbul etdiyimiz düzgün qərarlarla mümkün olacaq».
Qeyd edək ki, yeni Almaniya-Fransa planı aşağıdakı dəyişiklikləri nəzərdə tutur:
- Avropa Birliyi Komissiyasının ifrat büdcə kəsiri olan ölkələri cəzalandırmaq səlahiyyətinə sahib olması;
- Avrozonada 17 ölkənin konstitusiyalarına kəsirsiz büdcənin tərtib edilməsi barədə öhdəliyin daxil edilməsi;
- Avrozona ölkələrinin ortaq təşkilatlar və maliyyə-əməliyyat vergi sisteminə sahib olması;
- Gələcəkdə lazım olacaq xilasetmə paketlərində Yunanıstan nümunəsində olduğu kimi xüsusi sərmayəçilərin yükün bir qismini boynuna götürməməsi.
Avropa liderləri BVF-ə 200 milyard avro (267 milyard dollar) köçürərək və Avropa Mərkəzi Bankının tələblərini büdcə kəsirinə qarşı qaydalarla istiqamətləndirərək borc böhranı ilə mübarizə aparmaq kimi əhəmiyyətli addım atıblar. Avropa Mərkəzi Bankının sədri Mario Draqi ilə razılaşma əldə edən Avropa liderləri həmçinin yeni «maliyyə razılaşması» nəticəsində yarana biləcək yeni borcların önlənməsi üçün 500 milyard avro həcmində xilasetmə fondunun yaradılmasını sürətləndirmək mövzusunda razılığa gəliblər.
Liderlərin Brüsseldə 12 saat davam edən yığıncağının ardından jurnalistlərə müsahibə verən AMB sədri bildirib ki, «Bu qərarlar avro bölgəsinin üzvləri üçün olduqca məhsuldar oldu və eyni zamanda avro bölgəsi ölkələrində daha intizamlı iqtisadi siyasət və yaxşı bir maliyyə razılaşması üçün əsas olacaq».
Hazırda İtaliya və İspaniya da 2 ildir davam edən böhran mübarizəsində iqtisadi, siyasi və qanunvericilik təzyiqləri labirintindən çıxmağa çalışırlar. Brüsseldə müzakirələr bu gün də davam edəcək.
BIZIMYOL
. |