Fransa parlamentində “erməni soyqırımı faktını inkar edənlərin cəzalandırılması” qanun layihəsinin qəbulu Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük əks-səda doğurub. Qanun layihəsini şərh edən “Azərbaycan naminə” İctimai Forumun sədri, politoloq Eldar Namazov qondarma erməni soyqırımı məsələsində Azərbaycanın həm tarixi müttəfiqi olan Türkiyənin, həm də tarixi həqiqətlərin yanında olduğunu bildirib. Politoloq Fransa parlamentinin qərarının siyasi konyunktura daşıdığını və heç bir tarixi həqiqətlərə söykənmədiyini hesab edir.
“Mən hesab edirəm ki, Azərbaycan bu məsələdə öz mövqeyini kifayət qədər sərt şəkildə ortaya qoymalıdır. İlk növbədə söhbət Fransanın Minsk qrupunda həmsədrliyi ilə bağlı məsələdə öz əksini tapmalıdır. Qeyd edim ki, vaxtilə Fransanın Minsk qrupuna həmsədr kimi namizədliyi irəli sürüləndə rəsmi Bakı buna etiraz etmişdi. Mərhum prezident Heydər Əliyev o zaman təcili olaraq Parisə səfər etmişdi. Heydər Əliyev iki saat müddətində Yelisey sarayında Azərbaycanın mövqeyini ortaya qoymuşdu. Bu mövqe ondan ibarət idi ki, Fransa Ermənistan arasında sıx tarixi və mədəni əlaqələr mövcud olduğuna görə, Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv vasitəçi ola bilməz. Həmin iki saatlıq gərgin müzakirədə Fransa prezidenti Jak Şirak Heydər Əliyevi inandırmağa çalışırdı ki, Fransa öz geniş əlaqələrindən istifadə edərək Dağlılq Qarabağ münaqişəsini həll etməyə çalışacaq. Həmin hadisələrin üstündən 15 ilə yaxın vaxt keçib. İndi bəlli olur ki, Ermənistan heç bir kompromisə getmək fikrində deyil. Hesab edirəm ki, bu məsələləri nəzərə alaraq Azərbaycan rəsmi səviyyədə Minsk qrupunun formatına yenidən baxılması ilə bağlı ATƏT-ə müraciət etməlidir”,- deyə Eldar Namazov bildirib.
Politoloq bundan sonra Minsk qrupunda həqiqi beynəlxalq və bitərəf vasitəçilərin iştirakına nail olmağın vacibliyinə də diqqət çəkib. Eldar Namazov bu məsələləri nəzərə alaraq Azərbaycanın kifayət qədər sərt mövqe ortalığa qoymalı olduğunu hesab edir. Eldar Namazov Fransa parlamentində erməni soyqırımı haqqında qanun layihəsinin qəbulunun digər ölkələrin parlamentlərinə də sirayət edəcəyini hesab etmir.
Eldar Namazov Şarl Aznavurun timsalında ermənilər arasında kompromisə gedərək Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmağın tərəfdarlarının çox olduğuna diqqət çəkib: “Biz buna bənzər hadisələri 90-cı illərdə də müşahidə edirdik. Azərbaycanla belə ictimai siyasi qüvvələrin fəaliyyətini ciddi şəkildə izləməlidir. Diplomatiyada da, əks-təbliğatda da bu insanların mövqelərini qabardaraq istifadə etməliyik”.
. |